Gənc oğlan telefonunu satdığı tanışını boynundan bıçaqladı — TƏFƏRRÜAT

HADİSƏ 29 may 2024, 11:40
Bakının Binəqədi rayonunda 1990-cı il təvəllüdlü Mehman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Mahmuda xəsarət yetirib.

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 30-da baş verib. 

Mehman həmin gün, saat 5 radələrində Mahmuda satdığı mobil telefonunun ödənişini etməməsi ilə əlaqədar onunla aralarında yaranmış münaqişə səbəbindən şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib. 

Mübahisə zamanı Mehman Mahmudun onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən qarşılıqlı dalaşmanın gedişində üzərində gəzdirdiyi bıçaqla ona bir dəfə boyun nahiyəsinə vurub. 

Hadisəni törədən Mehmanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Mehman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O bildirib ki, Mahmudu 10 ildən artıq müddətdir tanıyır: 

“Biz əvvəllər qonşu məhəllələrdə yaşamışıq və tanışlığımız həmin vaxtdan yaranıb. Mahmudla münasibətlərimiz həmişə yaxşı olub. Əvvəllər
aramızda heç bir mübahisə baş verməyib. Həmin ünvandan köçdükdən sonra da əlaqələrimiz itməyib və mütəmadi əlaqə saxlamışıq. Hadisədən əvvəl mənim mühafizəçi işlədiyim Binəqədi rayonu, 159 saylı körpələr evi Mahmudun yaşadığı evə yaxın məsafədə yerləşdiyindən işə gedib gələn zaman tez-tez onunla rastlaşmışıq”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 20 oktyabr 2023-cü ildə işdən çıxaraq özünə məxsus “Samsung A 10” markalı mobil telefonu satmaq məqsədilə telefon dükanına gedən zaman Mahmudla rastlaşıb: 

“Söhbət etdikdə Mahmuda bu barədə məlumat verdim. Mahmud da telefonu məndən 150 manata ala biləcəyini, lakin ödənişi bir həftə müddətində verə biləcəyini dedi. Mən etiraz etmədən telefonu Mahmuda satdım. Lakin bir həftə müddət keçməsinə baxmayaraq, Mahmudun ödəniş etmədiyini gördüm, onunla əlaqə saxladım. Mahmud müxtəlif bəhanələr gətirərək maddi durumunun aşağı olduğunu bildirdi. Bundan sonra hadisə baş verən tarixə qədər dəfələrlə Mahmudla əlaqə saxlasam da, Mahmud borcunu ödəməkdən yayındı. Bu səbəbdən Mahmuddan telefonu geri qaytarmasını tələb etdim. Mahmud telefonu başqa bir şəxsə hədiyyə verdiyini deyərək sonradan ümumiyyətlə mənim zənglərimə də cavab vermədi”.

Mehman deyib ki, 30 oktyabr 2023-cü ildə sonuncu dəfə Mahmudla telefon vasitəsi ilə əlaqə saxlayıb, telefonu qaytarmasını tələb edib: 

“Danışıq zamanı bir-birimizin ünvanına qarşılıqlı olaraq nalayiq ifadələr işlətdik. Həmin gün saat 5 radələrində işdən çıxaraq yaşadığım ünvana gedən zaman piyada hərəkətdə olarkən Mahmudun yaşadığı evin yaxınlığında sonuncu ilə rastlaşdım. Həmin zaman Mahmud barəmdə nalayiq ifadə işlədib kobud danışmağa başladı. Mən telefonunu tələb etdikdə isə Mahmud nə telefonu, nə də ödənişini verməyəcəyini bildirdi. Həmin zaman Mahmudun yaşadığı evinin qarşısında səs-küy yaranmaması üçün oradan uzaqlaşmağı qərara aldıq. Bu məqsədlə piyada bir qədər hərəkət etdik. Digər küçədə, yəni F.Rüstəmov küçəsində fərdi evin qarşısında olan zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı dalaşaraq Mahmudu yerə yıxdım. Mahmud yerdə olan zaman əlini şalvarının bel nahiyəsinə salaraq oradan bir ədəd bıçaq çıxartdı. Mahmudun əlində bıçaq olduğunu görərək fənd işlədib qolunu burub bıçağı onun əlindən aldım. Həmin zaman Mahmudun barəmdə nalayiq ifadələr işlədib təhqir etməsi səbəbindən əsəbləşdim. Mahmudun əlindən aldığım bıçaqla sonuncuya bir ədəd bıçaq zərbəsi vurdum. Mahmudun boyun nahiyəsində olan xəsarətlərin isə bıçağı ondan almağa çalışarkən yaranmasını düşünürəm. Hadisədən sonra bıçağı həmin ünvanda yerə atdım. Mahmud mənə hadisə yerindən çıxıb getməyimi söylədiyindən həmin ərazini tərk etdim”. 

Təqsirləndirilən şəxs bildirib ki, növbəti gün Mahmudun xəstəxanaya aparılması barədə məlumat alıb: 

“Bir neçə gün sonra könüllü polis bölməsinə yaxınlaşaraq hadisə barəsində məlumat verdim. Mübahisə zamanı Mahmudu bıçaqlamaq niyyətim olmayıb. Özümü müdafiə etmək niyyəti ilə ona xəsarət yetirmişəm. Mahmud ilə aramızdakı mübahisə təxminən 5 dəqiqə davam etdi. Hadisə havanın qaranlıq vaxtında baş verib. Həmin zaman ətrafda hər hansı kənar şəxs olmayıb. Mübahisəmizi heç kim görməyib. Mübahisə zamanı və sonradan hər hansı şəxs həmin əraziyə gəlməyib. Hadisənin törədildiyim bıçaq Mahmuda məxsus olub.

İş üzrə zərərçəkmiş Mahmudun sözlərinə görə, Mehmanı 10 ildən artıq müddətdir tanıyır: 

“Biz əvvəllər qonşu məhəllələrdə yaşamışıq və tanışlığımız həmin vaxtdan yaranıb. Özüm narkotik vasitə aludəçisi olduğumdan hazırda könüllü olaraq “Həyat naminə” reabilitasiya mərkəzində müalicə alıram. Hadisədən əvvəl Mehman işlədiyi Binəqədi rayonu, 159 saylı körpələr evi mənim yaşadığım evə yaxın məsafədə yerləşir. Mehman işə gedib gələn zaman tez-tez mənimlə rastlaşıb. 20 oktyabr 2023-cü ildə yaşadığım evin yerləşdiyi küçədə Mehmanla rastlaşdım. Həmin zaman söhbət əsnasında Mehman “Samsung A 10” markalı mobil telefonu satmaq məqsədilə telefon dükanına getdiyini dedi. Mən telefona baxaraq həmin telefonu almaq istədiyimi bildirdim. Telefonun alqı satqısına dair 150 manata razılıq əldə etdik. Telefonu götürərək pulu hissə-hissə olmaqla bir həftə müddətində verə biləcəyimi dedim. Mehman buna heç bir etiraz etmədi. Lakin maddi durumum aşağı olduğundan Mehmana pulu ödəyə bilmədim. Bu səbəbdən Mehman dəfələrlə mənimlə telefon əlaqəsi yaradaraq pulu verməyimi tələb etdi. Vermədiyim halda telefonu geri qaytarmağımı tələb etdi. Mobil telefonun pulunu vaxtında qaytara bilmədiyim üçün Mehmanla telefonda sözlü mübahisə etdik”. 

Zərərçəkmiş qeyd edib ki, 2023-cü il oktyabrın 30-da Mehmanla sonuncu dəfə telefonla danışıblar: 

“Telefon danışığı zamanı Mehmanla sözlü mübahisə etdik. Həmin tarixdə, səhər saat 5 radələrində yaşadığım evin qarşısında küçədə dayanaraq siqaret çəkən zaman Mehmanın küçə ilə piyada gəldiyini gördüm. Həmin zaman ilk öncə normal qaydada danışaraq məsələyə aydınlıq gətirməyə çalışdıq. Lakin sözümüz çəp gəldiyinə görə mübahisəmiz zamanı səs-küy yarandığından kənara çəkilməyi qərara aldıq. Piyada bir qədər hərəkət etdikdən sonra digər küçədə, yəni F.Rüstəmov küçəsində fərdi evin qarşısında olan zaman hər ikimiz aqressiv formada bir-birimiz ilə mübahisə etdik. Mübahisə dalaşmaya keçdi. Mübahisə zamanı Mehman mənə əsarət yetirdi və qaçaraq oradan uzaqlaşdı. Mən isə zərbənin təsirindən yerə yıxıldım. Bədənimdən qan axdığını görüb həyacanlanaraq köməyə adam çağırdım. Mehmanla aramızda mübahisənin yarandığı zaman Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində ətrafda və yaxınlıqda bizdən başqa heç kim olmayıb. Mübahisə təxminən 2-3 dəqiqə davam etdi. Küçədə heç kim olmadığından piyada bir qədər hərəkət etdim və yaxınlıqda yerləşən “All seasons” hotelinin yaxınlığında dayandım. Hoteldən çıxan bir nəfər tanımadığım şəxs mənə yaxınlaşdı. Həmin şəxs təcili yardıma zəng etdi. Təcili yardın avtomobili gəldikdən sonra məni xəstəxanaya apardılar”.

Məhkəmənin hökmü ilə Mehman 4 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top