48 yaşlı kişi birlikdə fəhlə işlədiyi tanışını döyə-döyə öldürdü — MƏHKƏMƏ

KRİMİNAL 24 may 2024, 20:25
Bakının Sabunçu rayonunda 1976-cı il təvəllüdlü Vasif Bayramov tanışı Əlvan Hüseynovu qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vasif 2022-ci il iyulun 6-da saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış massivi, 37-ci dalanda yerləşən nömrəsiz fərdi evdə onunla birlikdə usta işləyən tanışı Əlvanla həmin yerdən çıxıb. 

Onlar göstərilən yaşayış massivindən keçən Sumqayıt-Nardaran yolunun kənarında dayanarkən gördükləri işə görə aralarında əmək haqqının bölüşdürülməsi ilə bağlı yaranmış mübahisə zəminində Vasif Əlvanı qəsdən itələyərək yerə yıxıb. Əlvanın başının yerdə olan daş bordürə dəyməsi ilə nəticələnən xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən Əlvan iyulun 10-da orada ölüb. 

Hadisəni törədən Vasifin barəsində Cinayət Məcəlləsinin (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vasif ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, dörd uşaq atası olmaqla tikintilərdə suvaq ustası işləyib ailəsini dolandırıb: “Əlvan ilə üç il əvvəl Nardaran qəsəbəsində usta işlədiyimiz evlərin birində bacanağım vasitəsi ilə tanış olmuşam. Sonuncu 2022-ci il iyul ayında zəng edərək Əlvanın həmin qəsəbədəki fərdi evlərin birində götürdüyüm tikinti işində suvaq işi üçün usta lazım olduğunu bildirdiyimdən sonra təklifimi qəbul etdi. Əlvan ilə bərabər suvaq vurduğumuz hər bir kvadratmetrə görə 3 manat 50 qəpiyə razılaşdıq. Bizimlə yanaşı adlarını xatırlamadığım iki nəfər usta daha işləyib”.

Təqsirləndirilən şəxs bildirib ki, onlar birgə üç gün işlədikdən sonra 2022-ci il iyulun 6-da saat 21 radələrində iş gördükləri həyəti tərk etməklə avtomobil yoluna çıxıblar: “Kürdəxanı-Pirşağı yolunda ustalardan biri evin sahibindən ilk aldığı 200 manat puldan 130 manatı mənimlə Əlvanın arasında bölməkdən ötrü ona verdi. Digər ustalar uzaqlaşanda mən və Əlvan evimizə getmək üçün avtomobil yolunun qarşı tərəfinə keçdik. Kürdəxanı-Pirşağı yolunun kənarında dayanarkən Əlvanın 30 manatı zəhmət haqqı olaraq mənə verməklə 100 manatı isə özünə saxlaması nəticəsində narazılıq yarandı. Mən aldığımız pulu yarı bölməyi təklif etsəm də, Əlvan söyüş söyüb yumruq atdı. Lakin geri çəkildiyimdən zərbə mənə dəymədi. Əlvan müvazinətini itirib ayağı boşluğa düşərək yerə yıxıldı. Mən onun necə xəsarət aldığını görməmişəm. Əlvan ayağa qalxmaqla başının ağrıdığını söylədi. Mən bacanağıma zəng vurub baş verənləri danışdım. Nahid də Əlvanı yaşadığı evə gətirərək yardım göstərməyi təklif etdi. Əlvan özünü yaxşı hiss etdiyini bildirdi. Əlvanın razılığı ilə sonuncunu Nahidgilə apardıq. Sonuncu evdə tək olub. Biz üçümüz təxminən 30 dəqiqə oturmaqla çay içdik. Əlvan heç bir narahatçılığa səbəb olmadığını dediyindən saat 23 radələrində evimə yollandım. Bir qədər sonra Nahid mənə zəng edib Əlvanın vəziyyətinin pisləşdiyini bildirəndə dərhal özümü Nahidin evinə çatdırdım. Əlvanın huşunu itirdiyini görərək təcili tibbi yardıma zəng etdim. Bir neçə dəqiqə keçmiş həkim briqadası gəlməklə Əlvanı müayinə edib sonuncunu Respublika Neyrocərrahiyə Xəstəxanasına apardı. Hadisə barədə yaxınlarından kiməsə zəng vuraraq hadisə barədə məlumat verildi”. 

Təqsirləndirilən şəxs deyib ki, 2022-ci il iyulun 10-da saat 21 radələrində evdə olarkən Əlvanın qohumlarından kimsə atasına zəng edib və Əlvanın göstərilən tibb müəssisəsində öldüyünü bildirib: “Hadisədən dərin məyusluq hissi keçirdim. Mən qəsdən cinayət törətməmişəm. Hadisə ehtiyatsızlıqdan baş verib. Hərəkətlərimdən çox peşmanam. Qohumlarım tərəfindən zərər çəkmiş şəxsin hüquqi varisinə köməklik məqsədi ilə 4800 manat ödənilsə də, sonuncu ilə barışıq əldə etməyə nail olmaq mümkün olmayıb”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vasif 10 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili tərəfindən apellyasiya şikayəti verilib. Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib. Həmçinin mərhumun atası tərəfindən də apellyasiya şikayəti verilərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması tələb olunub. 
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin vəkili tərəfindən verilən şikayət təmin olunub. Vasifin barəsində elan olan Cinayət Məcəlləsinin 126.3-cü maddəsi həmin məcəllənin 124.1-ci maddəsinə tövsif edilib. Ona 2 il 3 ay azadlıqdan məhrum etmə cəzası təyin olunub. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən şikayət təmin edilməyib. 

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi olan atası tərəfindən də eyni tələblə kasasiya şikayəti verilib. 

Hər iki tərəfinin şikayətinə Ali Məhkəmədə baxılıb. Şikayətləri araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, həm prokurorun proresti, həm də zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin olunmayıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top