Türk dünyasında vahid markalaşma — “Made in Turan” nə vəd edir?

GÜNDƏM 23 may 2024, 14:03
“Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin vahid markalaşmaya keçid etməsi bu ölkələrin istehsal etdikləri məhsul, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaq. Nəticədə şirkətlər arasında kommersiya əlaqələrinin möhkəmləndirilməsinə, inkişaf etdirilməsinə gətirib çixaracaq. “Made in Turan” brendinin yaradılması ilə xüsusi güzəştlər əldə olunacaq və türk dövlətləri arasında ticarət dövriyyəsi xeyli artacaq”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov deyib. O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında bir çox siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq getdikcə inkişaf etməkdədir: 

“Mayın 2-3-də Bakıda “2024-cü il Türkdilli Dövlətlərin İqtisadi Forumu”nda qoyulan əsas məsələ türkdilli ölkələrin brendlərini dünyada tanıtmaq idi. Bu barədə Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov media qurumlarına məlumat vermişdi (françayzinq bir tərəfin (françayzer) ödəniş əsasında digər tərəfə (françayzi) öz biznesinin idarə edilməsi hüququnun verilməsidir, bir növ icarə markanın icarəsi). Türk dünyası ölkələrinin qədim İpək Yolunun üzərində yerləşməsi ticarət dövriyyəsinin artmasına və türk dövlətlərinin regionda iqtisadi gücə çevrilməsinə şərait yaradır. “Made in Turan” brendinin yaradılmasında məqsəd türkdilli ölkələr arasında mövcud investisiya imkanlarının öyrənilməsi, brendlərin beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlər arasında kommersiya əlaqələrinin daha da inkişaf etdirilməsi və türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir. Türkdilli dövlətlər arasında yaradılan bu vahid brend məsuliyyəti artıracaq,  beynəlxaq rəqabət üçün ölkələrdə istehsal olunan məhsulların  keyfiyyətinin artırılmasına gətirib çıxaracaq. Biz bu təşəbbüsü Türk Dünyası Birliyinin möhkəmləndirilməsində müsbət bir addım kimi qiymətləndirir və dəstəkləyirik. Turan dövlətlərinin adının hallandığı bu brend ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsimdə mühüm addımdır”. 

Xatırladaq ki, mayın 2-3-də Bakıda “2024-cü il Türkdilli Dövlətlərin İqtisadi Forumu” keçirilib. Mayın 17-də isə Qazaxıstanda Azərbaycanın təşəbbüsü ilə türk dünyası markalarını
birləşdirən “Made in Turan” brendi yaradıldı. “Made in Turan” markası Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin istehsal etdiyi məhsulların vahid markalaşmaya keçid etməsi deməkdir.
 
Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top