İkitərəfli münasibətlərin inkişafında yeni mərhələ və Rəisinin son töhfəsi

SİYASƏT 20 may 2024, 17:38
Azərbaycan və İran prezidentlərinin işğaldan azad edilən Cəbrayıl rayonunda keçirilən son görüşü iki ölkə arasında münasibətlərin inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Cəbrayıl görüşü zamanı hər iki dövlət başçısının verdiyi yüksək mesajlar, münasibətlərin gələcək inkişafı ilə bağlı söylədiyi fikirlər iki qonşu dövlət arasındakı "buzları əritdi”.

Regionları birləşdirən əsas nəqliyyat-tranzit marşrutu - Ağbənd yolunun istismara verilməsi, buradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınmasının həyata keçirilməsi, qarşıdakı dövrdə dəmir yolunun da çəkilməsinin nəzərdə tutulması, Azərbaycanın İrandakı səfirliyinə məlum hücumu törədən şəxsin cəzalandırılması fonunda diplomatik nümayəndəliyin gələn ay yenidən fəaliyyətini davam etdirməsi gələcək münasibətlərin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Eləcə də işğaldan azad edilən torpaqlarımızın regionun inkişafına verdiyi misilsiz töhfənin nəticəsidir.

Görüş zamanı hər iki prezidentin söylədiyi fikirlər də diqqətdən yayınmır. İlham Əliyevin "Bugünkü görüş və mərasim İran-Azərbaycan əlaqələrinin tarixində gözəl, parlaq səhifə kimi qalacaq. Çünki bu gün açılışını edəcəyimiz layihə həm texniki nöqteyi-nəzərdən çox önəmlidir, eyni zamanda, iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək” bəyanatına iranlı həmkarının "Çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və birgə müzakirəmizi yenidən nəzərdən keçiririk. Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür. Hazırda biz istismara verilməsi iki xalq və iki dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin açılışında iştirak edirik” açıqlaması ikitərəfli münasibətlərin inkişafı istiqamətində birgə siyasi iradənin nümayişi idi.

İran prezidenti  Seyid İbrahim Rəisinin və digər dövlət məmurlarının qəzaya uğraması, qəza nəticəsində həyatlarını itirməsi İranda olduğu kimi, dost Azərbaycanda da dərin kədər hissi ilə qarşılandı. Prezident İlham Əliyev hadisəyə reaksiya verən ilk dövlət başçısı olaraq öz dəstəyini İrana təklif etdi. Rəsmi Tehranın da bildirdiyi kimi, sırf texniki səbəblərdən baş verən və İbrahim Rəisi də daxil olmaqla, yüksək rütbəli İran rəsmilərinin həlak olması ilə nəticələnən bu hadisədən sonra ilk başsağlığı verən dövlət başçılarından biri də İlham Əliyev oldu. Ermənistanın Azərbaycan-İran əlaqələrinin inkişafına mane olmaq cəhdləri, bəzi hallarda isə təəssüf ki, buna nail olması fonunda hər iki ölkə rəhbərinin səmimi həmrəylik çağırışları sonrası belə bir hadisənin baş verməsi dərin məyusluq doğurur. Şübhəsiz ki, İran hökuməti hadisənin hansı zəmində və necə baş verdiyini dəqiq bilir və bəzi təxribatçı qüvvələrin "suyu bulandırmaq” cəhdləri nəticəsiz qalacaq.

1960-cı ildə Məşhəd doğumlu İbrahim Rəisi dövlət başçısı seçilənə qədər uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb və Tehranın baş prokuroru vəzifəsinə qədər yüksəlib. 1964-cü ildə İranın Damqan şəhərində anadan olan xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan bu təyinatadək İranın Xarici Siyasət İdarəsi rəhbərinin müavini olub və ölkəsini nüvə danışıqlarında təmsil edib. Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də İranda xüsusi nüfuz sahibi olublar.

Heç şübhəsiz ki, sağlam təməllər üzərində qurulan və İranla kitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət qarşıdakı dövrdə də uğurla davam edəcək. 

Allah rəhmət eləsin!


Azər Niftiyev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top