“Zelenski bəzi dairələrin girovuna çevrilib” — Blinkenin Kiyev səfərinin PƏRDƏARXASI

DÜNYA 14 may 2024, 19:27
ABŞ-nin dövlət katibi Antoni Blinken Ukraynanın paytaxtı Kiyevdə səfərdədir. “Reuters”in xəbərinə görə bu, ABŞ Konqresinin Kiyevə hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra yüksəkvəzifəli amerikalı məmurun Ukraynaya ilk səfəridir. Blinken səfəri zamanı Kiyevin müdafiəsini gücləndirmək və döyüş meydanında təşəbbüsü bərpa etmək məqsədilə ABŞ-nin silah təchizatından necə istifadə etməyi planlaşdırdığını müzakirə etmək niyyətindədir.

Blinkenin Ukraynaya səfərini politoloq Tofiq Abbasov Demokrat.az-a açıqlamasında şərh edib. Onun sözlərinə görə, Blinken Ukraynanı müharibədən yayındırmaq niyyəti güdmür: 



“Əvvəlki dövrlərdə olan təcrübənin təkrarını Ukraynanın timsalında görürük. Burada ilk növbədə məsələ ondan ibarətdir ki, ABŞ və avropalı müttəfiqləri çalışırlar ki, müharibə dayanmasın. Çünki onların əsas məqsədi Rusiyanı gücdən salmaq və Ukraynanın özünü də zəiflətməkdir. Qərb son dərəcə ciddi cəhdlər göstərir ki, onlar arasında barışıq mühiti formalaşmasın. Rusiya dünyanın ən zəngin məmləkətlərindəndir. Ərazisi böyük, təbii sərvətləri çox, reproduktiv imkanları da həddindən artıq genişdir. Müharibə uzandıqca Qərb çalışır ki, Rusiya xofunu dünyada gücləndirsin. Ən yaxın zamanda guya Rusiya Avropada yerləşən NATO ölkələrinin mərkəzlərinə hücumlar edəcək. Rusiyanın təhlükəli olduğunu göstərməyə çalışırlar. Rusiya həqiqətən də indi kollektiv Qərblə savaşdadır. Bu savaşın əziyyətini isə ən çox Ukrayna çəkir. Zelenski bəzi dairələrin girovuna çevrilib, müstəqil qərar qəbul edə bilmir. Ona görə də ölkə daxilində indi həm korrupsiya, həm də çəkişmələr baş alıb gedir. Odur ki, indi Blinkenin Ukraynaya səfər etməsi heç də yaxşı bir şey vəd etmir. Çünki ABŞ-də sülh proqramı adında bir predmet yoxdur, onların sülh təklifləri yoxdur. Bu proseslər Ukrayna üçün faciə ilə sonlana bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top