“AzerGold”un növbəti qızıl sikkəsi Naxçıvan MR-nın 100 illiyinə həsr olunub

İQTİSADİYYAT 13 may 2024, 09:57
“AzerGold” QSC tərəfindən Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə qızıl sikkə kolleksiyası istehsal edilib.

Demokrat.az xəbər verir ki, nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı, 5, 10 və 20 qram çəkiyə malik qızıl sikkələr bəşər sivilizasiyasının ilk beşiklərindən olan, antik, orta əsrlər, yeni dövr maddi-mədəniyyət nümunələri, təbiət, həmçinin tarixi abidələri ilə seçilən mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi böyük şöhrət tapmış qədim diyarın şanlı keçmişinə işıq salır.

Sikkə dairəsinin üzərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Naxçıvan Xan sarayı, Möminə Xatun türbəsi, Qazançı körpüsü, Qarabağlar türbəsi, Gülüstan türbəsi, Yusif Küseyir oğlu türbəsi, “İmamzadə” kompleksi və İlandağ təsvir olunub. Dairənin mərkəzində “Naxçıvanqala” Kompleksinin qala divarlarının mazğallarından bir fraqment dizayn edilib. “100” ədədini xatırladan dizayn elementi muxtar respublikanın 100 illik yubileyini ifadə edir.

Yeni məhsullar “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması - “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır. “AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 23:59
Top