“Slovakiya ilə əməkdaşlıq Azərbaycanın müdafiə sənayesindəki potensialını artıracaq”

HƏRBİ 08 may 2024, 16:20
Azərbaycan və Slovakiya müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığa başlayır. 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya Respublikasının Baş nazirinin müavini müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” imzalayıblar. Bundan başqa Zakir Həsənov və Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalayıblar. 


Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında bildirib ki, Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında konkret danışıqlara da artıq start verilib. 



Hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan bir sıra Avropa İttifaqı və Qərb ölkələri ilə hərbi və hərbi-texniki sahədə uğurla əməkdaşlıq edir:

“Bu gün Azərbaycan ordusunda Almaniya, Belçika, Serbiya, ABŞ, Kanada, Çexiya, Polşa, Rumıniya və İspaniya istehsalı olan silah və avadanlıqlar istifadə olunur. Slovakiya bütün növ atıcı silahların patronlarını öz ərazisində istehsal edir. 

Bundan əlavə, Slovakiya hazırda “Zuzana 2” özü yeriyən artilleriya qurğularının və onların 155 mm-lik sursatlarını istehsal edir. Bunların bir hissəsini Ukraynaya göndərib. Həmin qurğulardan Ukrayna ordusu döyüş əməliyyatlarında istifadə edir. İstənilən halda belə bir müqavilənin imzalanması Azərbaycanın müdafiə sənayesi potensialının daha da yüksəlməsinə gətirib çıxaracaq. 

Digər tərəfdən isə birgə müəssisələrin yaradılması Azərbaycanda müdafiə sənayesi sahəsində daha üstün imkanlar əldə etməyə, yeni istesal sahələrinin yaradılmasına və kadr potensialının yetişdirilməsinə müsbət təsir göstərəcək”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top