“Yaşıl enerji siyasəti Azərbaycanın dünyada nüfuzunun daha artmasına təkan verəcək” — Ekspert RƏYİ

SƏNAYE VƏ ENERGETİKA 08 may 2024, 11:29
2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsi və bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir il və mühüm tarixi hadisədir. Azərbaycan bu günədək nüfuzlu beynəlxalq təşkilatların siyasi, iqtisadi və humanitar problemlərə həsr olunmuş əhəmiyyətli tədbirlərinə ev sahibliyi etmişdir. Bu il ən böyük beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ölkəmizdə keçirilməsini mühüm əhəmiyyət kəsb edir. Bu mötəbər tədbir Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi baxımından böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. COP29 iqlim dəyişikliyinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayan beynəlxalq tədbirdir. 

Azərbaycan, həmçinin özünün zəngin resurslarına istinad etməklə elektrik enerjisi istehsalı mənbələrini şaxələndirmək yolu tutub. Belə ki, respublikamızda enerji müstəqilliyinin bərpa olunan enerji mənbələri hesabına möhkəmləndirilməsinə güclü siyasi iradə göstərilir, eyni zamanda, bu istiqamətdə praktiki müstəvidə zəruri tədbirlər görülür. 

Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda enerji təhlükəsizliyi məsələlərinə böyük əhəmiyyət verilir. Ən müasir texnologiyaların ölkəmizdə geniş tətbiq olunması ilə yeni iqtisadi sahələrin meydana gəlməsi, enerji istehsalı, enerji təhlükəsizliyinin yenidən qurulması istiqamətində mühüm addımlar atılır. 

Məlum olduğu kimi, dövlət başçısının 2 fevral 2021-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sərəncamda vurğulanır ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioritet müəyyənləşdirilib ki, onlardan da biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Bəhs olunan bu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub. 

Azərbaycan ərazilərinin 30 illik işğal dövründə həmin torpaqlarımızda ekologiyamız, biomüxtəliflik, yaşıllıqlar vəhşicəsinə məhv edilib, yandırılıb, təbii sərvətlərimiz talanıb. Azərbaycan ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdür.

Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.

Azərbaycanın coğrafi şəraiti yaşıl enerji layihələrinin həyata keçirilməsi üçün buranı ideal məkan edir. Güclü külək və günəş enerjisi layihələri, Azərbaycanın yaşıl enerji istehsalında əsas rol oynayır. Yaşıl enerji siyasəti, ölkənin sürətli inkişafının, bölgədə lider rolunun və dünya miqyasında nüfuzunun daha artmasına təkan verən amillərdən biridir. Bu, ölkənin enerji sənayesində diversifikasiya və çeviklik, habelə regional sabitlik və ətraf mühitə qarşı məsuliyyət anlayışının bir ifadəsidir. 

Beləliklə, Azərbaycan apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməyə tam layiq və hazır olduğunu təsdiq edir.




Əkrəm Hüseynov
Ekspert

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top