Gimnaziyalara sənəd verənlər də məktəb seçimində iştirak edə biləcəklər — I sinfə qəbulda YENİLİKLƏR

SOSİAL 02 may 2024, 15:20
2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayıb.Elektron qaydada aparılan proses sentyabrın 13-nə qədər davam edəcək. Builki qəbulda bir sıra yeniliklər tətbiq olunacaq. Beləki, valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq olunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumat əldə edə biləcəklər.Bundan başqa, mayın 1-dən valideynlər mektebeqebul.edu.az saytında yaratdıqları şəxsi kabinetin “ərazi yoxlanışı” bölməsində Azərişığın abunə kodunu yazaraq həmin əraziyə uyğun gələn məktəblər haqqında məlumat əldə edə biləcəklər. Yaşayış sıx olan ərazilərdə prioritetlərin tətbiqi valideynlərin məktəb seçimini asanlaşdırır. Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda üstünlük hüququ əsasında yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər. Müsabiqədən uğur qazandığı halda, digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcək.

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında yeniliklərə münasibət bildirib. O qeyd edib ki, əvvəllər valideynlər məktəb seçimində çaşqınlıq yaşayırdılar:

“Əvvələr valideynlər yaşadıqları yerə yaxın hansı məktəblərin olması, seçim imkanı barədə tərəddüd edirdilər. Yeni sistemdə təkmilləşmə aparıldıqdan sonra prioritet istiqamətlər müəyyənləşib. Valideyn öncədən siyahı ilə tanış olur. Ona yaşadığı ərazidə mövcud olan məktəblər arasından seçim imkanı verilir. Paralel olaraq bəzi gimnaziyalara sənəd verən valideynlər həm də məktəb seçimində iştirak edə biləcəklər. Bu yeniliklərin tətbiqi qəbul prosesini daha da asanlaşdırır. Bildiyiniz kimi, məktəbə hazırlıq qruplarından da 80 min nəfərdən çox şagirdin birbaşa qəbulu həyatı keçirilib. Eyni zamanda  yer seçimi etmək istəyənlər də müvafiq olaraq seçimlərdə iştirak edəcəklər. Mayın 3-dən 17-dək dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Müsahibə uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə keçirilir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top