Azərbaycandakı hotellər dünya standartlarına nə dərəcədə cavab verir? — Turizm eksperti AÇIQLADI

TURİZM 01 may 2024, 11:20
Azərbaycanda hotellərin gəlirləri artıb.  

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin I rübündə ölkədəki mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 31,1 % artaraq 111,7 milyon manat olub. Bunun 58,5 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,9 %-i ictimai iaşə xidmətlərindən, 3,6 %-i müalicə və sağlamlıq xidmətlərindən, 11 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.


Turizm eksperti Cabir Dövlətzadə Demokrat.az-a açıqlamasında hotellərin gəlirlərindəki artımı müsbət qiymətləndirib. 

O deyib ki, ölkədəki hotellər artıq dünya standartlarına cavab verir: 

“Yeni açılan hotellər keyfiyyəti özündə birləşdirir. Köhnə hotellər də özlərini yeniləyir. Çünki artıq kəmiyyətə deyil, keyfiyyətə əsaslanan rəqabət mövcuddur. Keyfiyyətə davam gətirməyən hotellər rəqabətdə və qiymətdə uduzur. Ona görə də mütləq yenilənmək məcburiyyətindədir. Bu da özlüyündə rəqabətə dayanıqlı inkişafa gətirib çıxarır. 

Doğrudur, müəyyən çatışmazlıqlar var, bunlar da zamanla öz həllini tapacaq. Hotellərin bəziləri sahibkarlar tərəfindən işlədilsə də , bir çoxu icarəyə verilərək işlədilir. Bu da sahibkarlara müəyyən problemlər yaradır. Çünki sahibkarlar həm icarəni, həm vergini ödəməli, həm də özləri mənfəət əldə etməlidirlər. Turizm mövsümünün tez bitməsi, il boyu turist potensialının çox yüksək olmaması buna mane olur”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top