Deputat: "Prezidentin Rusiyaya səfəri qonşu ölkələrlə mehriban münasibətlər qurulmasına uğurlu nümunədir"

GÜNDƏM 24 apr 2024, 11:11
"Qonşu dövlətlərlə mehriban münasibətlər saxlamaq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan həm ulu öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyevin dövründə Rusiya ilə yaxşı münasibətlər qurmağa, ortaq maraqlar ətrafında birləşməyə, regionda sülh və əmin-amanlığın təmin edilməsi üçün birgə səylər göstərməyə davam edir". 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

O qeyd edib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri iki ölkə arasında münasibətləri yenidən nəzərdən keçirməyə, iqtisadi və ticari əlaqələri gücləndirməyə imkan verəcək:

"Qarşılıqlı surətdə iqtisadiyyata investisiya yatırmaq artıq ənənə halını alıb. İki ölkə arasında ticarət dövriyyəsi 4 milyard ABŞ dollarına çatıb. Bunu daha da artırmağa imkanlar var. Bu həm də yeni iş yerlərinin açılması, büdcə gəlirlərinin artması və əhalinin sosial vəziyyətinin yaxşılaşması deməkdir". 

Millət vəkili vurğulayıb ki, hər iki dövlət regionda böyük nüfuza malikdir:

"Səfər zamanı regional və qlobal məsələlərin müzakirəsi hər iki dövlət başçısı üçün əhəmiyyət daşıyır. Hesab edirəm ki, cənab Prezidentin Rusiyaya səfəri qonşu ölkələrlə mehriban münasibətlər qurmaq yönündə nümunə oldu. Biz bu nümunəni Ermənistana da təklif edir, dünyaya da göstəririk. Dünya bir daha Azərbaycanın çoxşaxəli xarici siyasətini İlham Əliyevin Rusiyaya səfərində gördü".


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top