Bu şəxslərə sosial müavinət veriləcək

SOSİAL 05 apr 2024, 17:03
"Əmək pensiyaları haqqında" qanun layihəsinin 8.1-ci maddəsində 5 və daha çox övladı olan analar bu güzəştdən istifadə edəcək, yəni 5 il daha tez pensiyaya çıxa biləcək. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, “Sosial müavinətlər haqqında” qanunun 4.0.1.13-cü maddəsində isə bu güzəştlər 5-dən çox övladı olan analara şamil olunur: 

“Yəni 5 uşaq böyüdən analar pensiyada güzəşt əldə etsələr də, sosial müavinət ala bilmirlər. Təklif edirəm ki, “Əmək pensiyaları haqqında" qanunun 8.1-ci maddəsinə uyğun olaraq, “Sosial müavinətlər haqqında qanunda da “5 və 5-dən çox övladı olan analar” sözü əksini tapsın”. 

Sözügedən təklifi Yenisabah.az-a Vüqar Bayramovun özü şərh edib. Deputat bildirib ki, təklifə əsasən, 5 və daha çox uşağı olan ailələrə pensiya ilə yanaşı, müavinət də verilsin: 

“Təklif bundan ibarətdir ki, həmin ailələrdə pensiya və güzəştlər tətbiq olunduğu kimi, eyni zamanda onlar sosial müavinət də alsınlar. Yəni həmin ailələrə uşaqların sayından asılı olaraq dəstək olsun və uşaqlara görə həmin ailələrə vəsait ödənilsin”. 

Deputat qeyd edib ki, bu təklif “Sosial müavinətlər haqqında” qanunda dəyişikliklə qəbul oluna bilər: 

Bu gün qanunvericiliyə əsasən, 5 və daha çox uşağı ailələrdə analar, əgər ana dünyasını dəyişibsə atalar 5 il daha tez pensiyaya çıxa bilirlər. Amma əgər ailədə 5 uşaq varsa, həmin ailə sosial müavinət ala bilmir. Çünki “Sosial müavinətlər haqqında” qanunda 5-dən artıq uşaq sayı qeyd olunur. Ona görə də təklif ondan ibarətdir ki, 5 uşağı olan ailələr həm daha tez pensiyaya çıxsın, həm də o uşaqlara dövlət büdcəsindən uşaq sayı nəzərə alınmaqla müavinət ödənilsin”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top