Ermənistan – ABŞ – Aİ görüşü təhlükə saçır — “3+3” formatı işə düşür

GÜNDƏM 28 mar 2024, 19:10
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı arasında aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdən narahatdır. Nazirliyin Mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova teleqram kanalında yazıb ki, bu görüş Cənubi Qafqazda mövcud təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini zəiflətmək məqsədi daşıyır: “Belə görüşlər regionun əksər ölkələrində narahatlıq yaradır. Çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbin Cənubi Qafqaza son dərəcə dağıdıcı yanaşmaları ilə daxil olmasına yönəlib. Üstəlik, belə görüşlər regionda yeni ayırıcı xətlərin yaradılmasına, region ölkələrinin anti-Rusiya gündəminə uymağa məcbur edilməsinə, onların Moskva ilə çoxəsrlik əlaqələrinin pozulmasına, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin zəiflədilməsinə istiqamətlənib”.

Zaxarovanın açıqlamasına münasibət bildirən siyasi şərhçi Tofiq Abbasov Demokrat.az-a deyib ki, bu qəbildən olan görüşlər Rusiyanın maraqlarına ziddir:



“Adı təhlükəsizlik konfransı olsa belə, əslində, bu konfrans təhlükələr yaratmaq məqsədi güdür. Eləcə də Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə maneə törədir. Əgər Ermənistan prosesdə dürüst davranırsa, niyə Azərbaycanın, Türkiyənin, Rusiyanın təkliflərindən qaçır və ABŞ-a, Fransaya pənah gətirir?! Bu ölkələr Ermənistandan alət kimi istifadə etməklə Cənubi Qafqaza nüfuz etmək istəyir. Təhlükəsizlik Şurasında guya Azərbaycanın Ermənistan ərazilərinə iddia etdiyini göstərməklə qərbin müşahidəçi missiyasının Azərbaycanda yerləşməsinə nail olmaq  istəyirdilər. Amma bu baş tutmadı. İndi də Qərbin istəyi ondan ibarətdir ki, Cənubi Qafqaza silahlı dəstələr gəlsin. Onsuz da Ermənistanda Avropa missiyasi adı altında casuslar fəaliyyət göstərir, indi saylarını daha da artırmaq istəyirlər. 

Rusiya da, Azərbaycan da, İran və Türkiyə də bu prosesdən ehtiyat edir. Ermənistanın başıpozuq siyasəti ucbatından bu proseslər reallaşır. Amma Azərbaycanın təklif etdiyi “3+3” platforması bunun qarşısını alacaq. Təsadüfi deyil ki, bir neçə gün bundan əvvəl İran tərəfi bildirdi ki, ən yaxın vaxtda “3+3” formatında görüş keçiriləcək. Bu da Ermənistana və onun havadarlarına cavabdır”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top