Universitet tələbəsinə dələduzluq edilib

KRİMİNAL 28 mar 2024, 13:42
Azərbaycan Memarlıq və İnşaat Universitetin “İnşaat” fakültəsində 4-cü kurs tələbəsinə qarşı dələduzluq edilib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tərtər şəhər sakini, 2000-ci il təvəllüdlü Saleh Neftçala rayon sakini Rauf Abıyevə imtahanda qiymət yazdırmaq adı ilə aldadaraq pul atıb. O, Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Raufun Azərbaycan Memarlıq və İnşaat Universitetindəki 4 imtahan kəsirinə qiymət yazdırıb, düzəldəcəyi barədə yalan vəd verib. Raufdan 24 fevral 2021-ci ildə Bakı şəhəri, Səbail rayonunda fəaliyyət göstərən “Dəniz Mall” ticarət mərkəzində yerləşən “Milli Ön” ödəniş terminalı vasitəsilə ödədiyi 1600 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirib. 

Bundan başqa o, təkrar Raufun Azərbaycan Memarlıq və İnşaat Universitetindəki 2 imtahan kəsirinə qiymət yazdırıb düzəldəcəyi barədə yalan vəd verib. Ondan 2021-ci ilin mart ayında, günü istintaqa məlum olmayan tarixdə Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində fəaliyyət göstərən mağazada yerləşən “Milli Ön” ödəniş terminalı vasitəsilə ödədiyi 600 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alaraq dələduzluq edib. 

Hadisəni törədən Salehin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2021-ci ilin fevralın əvvəllərində tanışı və həmyerlisi Rəhim ona Neftçala rayon sakini olan tanışı Rauf adlı tanışı olduğunu deyib: “Həmin Rauf adlı oğlanın 4-cü kursda ali təhsil aldığı Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4 fənnindən kəsiri var, həmin kəsirləri tanış adam tapmaqla düzəltmək yəni, qiymət yazdırmaq lazımdır. Rəhimə dedim ki, həmin şəxsə köməklik göstərə bilərəm, çünki həmin universitetdə tanışlarım var. Rəhimə dedim ki, bu işin düzəlməsi üçün 1600 manat lazımdır. Rəhim isə bildirdi ki, həmin pulu götürüb ona çatdıracaq, ancaq Raufun işi düzəlsin. Çünki Raufun işi düzəlməsə o, hərbi xidməti bir il müddətinə yox, il yarım müddətində xidmət edǝrǝk bitirəcəkdir”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin fevral ayının təxminən 21-də Rəhim ona 1600 manat pulu Bakı şəhərində əlbəǝl verib: “Həmin pulu Rəhimdən aldım, ancaq həmin pulları öz şəxsi məqsədlərim üçün ora-bura xərclədim. Raufa verdiyim vədimi yerinə yetirmədim. Bundan sonra Raufla şəxsən özüm tanış olmuşam və bir neçə dəfə Bakı şəhərində müxtəlif yerlərdə görüşərək oturub söhbətləşmişik. 2021-ci ilin mart ayında bu dəfə Rauf özü dedi ki, dörd imtahan kəsirindən başqa daha 2 kəsiri var, həmin kəsirlərin yazılmasında da ona adam yəni, tanış tapmaqla köməklik göstərim. Raufdan bir dəfə 1600 manat pul aldığı üçün maddi imkanının olduğunu bildim. Rauf mənə pulu Neftçala rayonunun Aşağı Qaramanlı kəndindəki “Milli Ön” aparatı vasitəsilə Bakı şəhərinə göndərdi. Bakı şəhərində pulu götürdüm. Yenə də əvvəlki qaydada götürdüyüm pulları öz şəxsi məqsədlərim üçün xərcləyib qurtardım. Rauf pulu özümə məxsus olan “Kapital Bank” kartıma atıb. Pulu kartdan özüm Bakı şəhərində götürmüşəm”. 

Təqsirləndirilən şəxs deyib ki, Rauf ona mütəmadi olaraq zəng vurub imtahan qiymətləri ilə maraqlansa da, hər dəfə onu aldadıb işi yubadıb: “Rauf Abıyevdən aldığım puldan tanışım Rəhim Qəmbərliyə hər hansı məbləğdə hissə verməmişəm. Oulların hamısını özüm xərcləmişəm və həmin puldan heç kimə heç nə verməmişəm. Zərərçəkmişdən iki dəfǝyǝ olmaqla ümumilikdə 2200 manat almışam. Həmin puldan istintaq dövründə 300 manat, hazırda isə qalan borcu da valideynlərim tərəfindən tam olaraq zərərçəkmiş şəxsə ödənilib. Etdiyim əməldən peşmanam”.

İş üzrə zərərçəkmiş Raufun sözlərinə görə, özü heç bir yerdə işləmir və fərdi əməklə məşğul olmaqla dolanır, həqiqi hərbi xidmətini yeni bitirib: “Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnşaat” fakültəsində 4-cü kurs  tələbəsi olmuşam. 2021-ci ilin fevral ayının əvvəllərində 1-ci smestr imtahanında 4 fəndən kəsirim yarandı. Kəsirlərimi düzəltmək üçün yollar axtararkən universitetdə tələbə yoldaşlarım dedilər ki, universitetdə oxuyan Rəhim adlı bir nəfər şəxs var və o belə işləri düzəltməyi bacarır. Rəhim ilə görüşüb vəziyyəti ona başa saldım. Rəhim kəsirləri düzəldə bilən Saleh adlı tanışı olduğunu bildirdi. Sonra Rəhim zəng edərək 4 kəsiri 1600 manata Salehin bərpa edəcəyini dedi. Aramızda olan razılaşmaya əsasən 2021-ci ilin fevral ayının 24-də Bakı şəhəri Səbail rayonunda yerləşən “Dəniz Mall” ticarət mərkəzində “Milli Ön” terminalı vasitəsi ilə Rəhimin  dediyi nömrəsini xatırlamadığım “Kapital Bank” hesabına 1600 manat pul köçürdüm. Daha sonra Rəhim məni Saleh ilə tanış etdi. Həmin şəxsin Tərtər şəhər sakini olduğunu bildim. Saleh Rəhimin ona pulu çatdırdığını, 4 kəsirimi düzəldəcəyini bildirdi. Bir neçə ay keçməsinə baxmayaraq Saleh kəsirlərimi düzəltmədi. Hər dəfə də bu barədə Salehlə söhbət etdikdə, yenə də vəd verərək tezliklə kəsirləri düzəltdirəcəyini deyib, məni aldadıb”. 

Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin martında yenə də Saleh ilə söhbət edərkən ona 4 kəsirindən əlavə 2 kəsirinin olduğunu da deyib: “Saleh əlavə 600 manat pul verməyimi, 4 kəsirlə birlikdə 2 kəsirini də bərpa etdirəcəyini dedi. Mən də Salehǝ inandım. Həmçinin Saleh ilə danışarkən 4 kəsirini bərpa etdirəcəyi müqabilində Rəhimin ona 1300 manat pul verdiyini dedi. Bundan sonra Rəhim ilə danışdım, Rəhim 1600 manat puldan 300 manat pulu Saleh ilə məni tanış etdiyi üçün zəhmət haqqı kimi özünə götürdüyünü dedi. Pulumu Rəhimdən istəyəndə həmin 300 manatı geri qaytardı. Saleh ilə danışdığımız kimi əlavə 2 kəsirini bərpa etməsi üçün istədiyim 600 manat pulu 2021-ci ilin martında Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində yerləşən mağazadan “Milli Ön” ödəmə terminalı vasitəsilə Salehin dediyi, lakin hazırda nömrəsini xatırlamadığım “Kapital Bank”a aid kart hesabına köçürdüm. Daha sonra Saleh telefon zənglərimə və mesajlarıma cavab vermədi”. 

Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tamamilə ödənilməsi, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən cinayət məsuliyyətindən azad edilib. Onun Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top