İnternetdən təhlükəsiz istifadə — Məktəblilər üçün yeni layihə...

SOSİAL 27 mar 2024, 18:36
Məktəblilərin kibertəhlükələr və onlayn risklər haqqında məlumatlılığının artırılması üçün yeni layihə hazırlanır. Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Elm və Təhsil Nazirliyinin “Məktəblinin Dostu” layihəsi arasında Anlaşma Memorandumu imzalanıb. Məqsəd “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna və “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya”na əsasən uşaqların internetdən təhlükəsiz istifadə imkanlarının möhkəmləndirilməsi üçün maarifləndirmə tədbirlərinin intensiv həyata keçirilməsidir. 

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nin sədri Elvin Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, texnologiya dövründə əsas məqsədlərdən biri də texnologiyanın inkişafı ilə yanaşı doğurduğu risklərin də minimuma endirilməsidir. 

Onun sözlərinə görə, Yaponiya, Amerika Birləşmiş Ştatları kimi ölkələrdə hələ 15-20 il bundan əvvəl ibtidai sinif şagirdləri robot texnikaları, müəyyən qurğularla tanış olurdular:

“Bu sahədə çox geciksək də artıq ölkəmizdə də azyaşlılar və məktəblilər üçün kibertəhlükəsizliklə bağlı müəyyən maarifləndirici tədbirlər görülür. Bu məsələlər dövlət proqramlarında və qurumların gündəliyində yer alır.  Azərbaycanda mötəbər qurumlarda elektron sənəd dövriyyəsi olduğu halda müəyyən yaş kateqoriyasına aid işçilər bundan istifadə etmir. Başa düşməliyik ki, artıq uşaq yaşlarından insanlara texnologiya vərdişləri aşılanmalıdır. Bu həm rəqəmsal səriştəliliyə sahib olmaq, həm də kibertəhlükəsizlik məsələlərində məlumatlı olmaq üçün vacibdir. Sevindirici haldır ki, bu gün kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən dövlət qurumları bu işlə ciddi məşğuldur. 

Uşaqların onlayn platformalarda təhlükəsizliyi bizim üçün hədəf olmalıdır. İstər kibertəhlükəsizlik mütəxəssislərinin yetişməsi baxımından, istərsə gələcək istifadəçilərin təhülükəsizliyi baxımından, istərsə də kibertəhlükəsizlik məhsulu yaratmaq baxımından uşaqların və gənclərin erkən yaşlarda texnologiyanın spesifik sahələri ilə tanış olmaları mütləqdir. Dövlət qurumlarının bu istiqamətdə fəaliyyətə başlaması müsbət hadisədir”.

Qeyd edək ki, layihə çərçivəsində Bakı və Abşeron üzrə 66, bölgələr üzrə isə 11 məktəbdə kibertəhlükəsizlik qaydaları ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində ümumilikdə 12,000 məktəblinin kibertəhlükəsizlik qaydaları və onlayn risklər barədə məlumatlandırılması hədəflənir.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top