“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının qrant müsabiqəsində 82 layihə təklifi qəbul edilib

SOSİAL 19 mart 2024, 15:45
“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatı tərəfindən fevralın 13-də elan olunmuş qrant müsabiqəsinə layihələrin qəbulu prosesi başa çatıb. Xatırladaq ki, müsabiqə üzrə ayrılmış qrant məbləğləri  hər layihə üçün 17.000- 42.000 AZN- ni əhatə edir.

Müsabiqənin məqsədi Azəbaycanda həssas ehtiyac qruplarına, şəhid və qazi ailələrinə təsirli, dayanıqlı və miqyaslana bilən dəstəyin göstərilməsidir. O cümlədən, bu əhali qrupu üçün peşəkar bacarıqların yaradılması, gələcəyə yönəlik sosial layihələrin həyata keçirilməsinin təşviq edilməsidir.

Yuxarıda göstərilən istiqamətlər üzrə hüquqi şəxslər və Qeyri-Hökumət Təşkilatları (QHT) tərəfindən 82 layihə təklifi qəbul edilib.

Layihələrin icra təklifləri paytaxt daxil olmaqla 30 şəhər və rayonu, o cümlədən 3 iqtisadi rayonu əhatə edir. Təkliflər sırasında say etibarı ilə müxtəlif benefisiar qrupa xidmət edən Məşğulluq/ Biznes/ Karyera layihələri (24 layihə) üstünlük təşkil edir. 15 təklif şəhid ailələri və müharibə iştirakçılarına istiqamətlənmiş psixososial dəstək layihələri, 21 təklif isə təhsilə, o cümlədən qızların təhsilinə yönəlik layihələrdi. Daha 22 layihə təklifi isə səhiyyə xidmətlərinin əlçatanlığı, fiziki məhdudiyyətli qruplarla iş, film və kitab istehsalı, narkomaniya və aludəçilik, gənclərlə iş və turizmin inkişafı mövzularını əhatə edir.  

Hazırda müsabiqənin qəbul komissiyası tərəfindən təkliflər təhlil edilir. Müsabiqənin qalibləri cari ilin aprel ayının 10-da ictimaiyyətə təqdim olunacaq. Qrant müsabiqəsini qazanmış layihələr Təşkilatın https://forazerbaijan.org portalında dərc olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top