“100 milyon dollar kredit cəlb edilib” — Beynəlxalq maliyyə təşkilatları Azərbaycanla əməkdaşlıqda maraqlıdır

GÜNDƏM 18 mart 2024, 18:25
Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera deyib ki, beynəlxalq maliyyə institutları mövcud enerji infrastrukturunun gücləndirilməsi, yenilənməsi və bərpa olunan enerji mənbələrinə uyğunlaşdırılmasına dəstək planı təqdim etməlidir. O, “Report”a müsahibəsində qeyd edib ki, COP29-da bu məsələ açıq müzakirə olunmalıdır: “İnfrastrukturun, yəni şəbəkələrin bərpa olunan enerjinin ötürülməsi imkanları ilə necə uyğunlaşdırılmalı olduğunu dəqiq müəyyən etmək lazımdır. Onlar arasında qarşılıqlı əlaqənin yaradılması, çevik olmalarının təmin edilməsi mühüm prioritetlərdir. Bu baş verərsə, özəl sərmayələrin daxil olması üçün fürsət yaranacaq. Eyni zamanda, ənənəvi elektrik enerjisi üçün köhnə şəbəkələri yenidən qurmaqdansa, bəzən yeni infrastruktur yaratmaq daha ucuz başa gəlir”, - deyə La Kamera əlavə edib. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, beynəlxalq maliyyə təşkilatları Azərbaycanla bu sahədə əməkdaşlıqda maraqlıdır.

Ekspert bu barədə Demokrat.az-a açıqlama verib: 

“Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumlarının nümayəndələri Azərbaycanda görüşlər zamanı həmişə ölkədə “yaşıl enerji” sahəsinin inkişafına dəstəklə bağlı təkliflər edirlər. Bu istiqamətdə layihələrin icrasına kredit ayrılıb. Hazırda Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Xızı-Abşeron külək elektrik stansiyasını inşa edir. Şirkət beynəlxalq maliyyə qurumlarından təxminən 100 milyon dollar kredit cəlb edib. İstehsal olunan enerjinin ötürülməsində müvafiq infrastrukturun inşası üçün “AzərEnerji”yə də 25-30 milyon dollar arasında maliyyə ayrılıb. Məbləğlər böyük deyil, ancaq Azərbaycanın “yaşıl enerji” sektoruna bununla bağlı cığır açılıb deyə bilərik”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top