Sumqayıtda oğul anasını döydü — TƏFƏRRÜAT

HADİSƏ 04 mar 2024, 10:10
Sumqayıt şəhərində 1985-ci il təvəllüdlü Ramin şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı anası Nərgizə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Raminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, həyat yoldaşı ilə yola getmədikləri üçün onunla ayrı yaşayır, lakin rəsmi qaydada boşanmayıb: 

“Son zamanlar mütəmadi olaraq spirtli içki qəbul etdiyim üçün yaşadığım evdə anam ilə aramızda tez-tez mübahisələrimiz yarandı. Hadisə günü, saat təxminən 00.30-da yaşadığım evdən çıxaraq həyətə çıxmaq istədiyim zaman anam ilə mübahisəm yarandı. Bu zaman anam məndən niyə görə gecə vaxtı düşməyimi soruşdu. Bu zaman çox əsəbləşdim və anamı itələdim. Bundan sonra yaşadığı evi tərk edərək həyətə düşdüm”.

İş üzrə zərərçəkmiş Nərgizin sözlərinə görə, oğlu Ramin son zamanlar tüfeyli həyat tərzi keçirir: 

“Oğlum tez-tez spirtli içki qəbul edir, günün gecə saatlarında evə gəlmir. Hadisə baş verən günü, saat təxminən 00.30-da yaşadığım evdə olduğu zaman Raminin üstünə paltar geyinərək evdən çıxmaq istədiyini gördüm. Bu zaman Ramindən niyə gecə vaxtı evdən çıxmasını soruşdum. Ramin onun işlərinə qarışmamağımı tələb etdi. Ona belə danışmağa haqqı olmadığını bildirdiyim zaman üzərimə gəldi. Mənim baş və qol nahiyəmə bir neçə yumruq zərbəsi endirdi”.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Ramin 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00.00-dan növbəti gün, saat 07.00-dək yaşadığı Sumqayıt şəhəri, 3-cü məhəllədəki evini tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

 
Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top