Gənclər və İdman Nazirliyinin rəsmisi: Xankəndidə tarixi anlar yaşayırıq

İDMAN 29 fev 2024, 09:41
Hamımız bir yerdə Xankəndidə tarixi anlar yaşayırıq. Təşkilatçılara, yarış iştirakçılarına, media nümayəndələrinə təşəkkürümüzü bildiririk.

Demokrat.az xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov Xankəndi-Bakı ultra marafonunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Yarışın "İdman həftəsi" çərçivəsində həyata keçirildiyini bildirən nazirlik rəsmisi əlavə edib: “Dünən bir neçə tədbir baş tutdu. Martın 5-nə qədər bu tədbirlər davam edəcək. Şəhidlərin və qazilərin övladları üçün xüsusi tədbir olacaq, qanvermə aksiyası baş tutacaq. Ultra marafonun iştirakçılarını martın 4-də finişdə qarşılayacağıq”.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edir. Onlardan dördü meksikalı, beşi türkiyəli, biri moldovalıdır. Digərləri isə Azərbaycan təmsilçiləridir.

Ultra marafon iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top