“Erkən yaşda nişan mərasimlərinin keçirilməsi məişət zorakılığı hesab edilməlidir” — SƏDR

SOSİAL 28 fevral 2024, 16:18
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov erkən nikahın qarşısının alınması ilə bağlı təkliflər hazırlandığını deyib. O, jurnalistlərə açıqlamasında qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən müvafiq qanun layihələri və digər normativ hüquqi aktlar əsasında təkliflər hazırlanıb. Məqsəd bu təkliflərin ictimaiyyətlə birgə müzakirəsi və effektiv həll yolunun tapılmasıdır: “Erkən nikah təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində ciddi problemdir. Bununla bağlı BMT və digər təşkilatlar bütün ölkələrlə birgə qarşılıqlı fəaliyyət göstərir. Bu problem təbii ki, bizi də çox narahat edir” - PA rəsmisi bildirib. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Demokrat.az-a açıqlamasında erkən nikahla bağlı Cinayət Məcəlləsinin bəzi maddələrinə dəyişiklik edilməli olduğunu hesab edir: 

“Ölkədə qadınların nikaha məcbur edilməsi Cinayət Məcəlləsinin 176-1-ci (qadını nikaha daxil olmağa məcbur etmə) maddəsinə uyğun olaraq məsuliyyətə səbəb olur. Həmin maddənin birinci hissəsinə əsasən qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin ikinci hissəsində isə deyilir ki, eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yəni sözügedən maddənin ikinci hissəsində bu əməlin yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi ağırlaşdıran hal hesab edilir. Lakin məcbur etmə halı olmadıqda bu maddənin tərkib əlamətləri yaranmır. Bu səbəbdən 176.1-ci maddənin 2-ci hissəsinin ləğv edilməsini və maddəyə düzəliş edilməsini təklif edirik. 176-1.2-ci maddədə erkən evliliyə məcbur etmə və ya erkən evliliklə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər)  keçirilməsi min manatdan üç min manatadək məbləğdə cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın. 176-1.3-cü maddə də əlavə olunmalıdır və orada qeyd edilən halların məişət zorakılığı qismində tanınması əksini tapmalıdır”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top