Şəmkirdə gənclər arasında qanlı dava — TƏFƏRRÜAT

KRİMİNAL 21 fev 2024, 09:55
Şəmkir rayonunda 2000-ci il təvəllüdlü Ramin şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Bəhruza xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Ramin 11 iyul 2022-ci ildə Şəmkir rayonu Ələsgərli kəndində yerləşən çayxanada həmkəndlisi Bəhruzun onun qohumları barəsində cəmiyyət içərisində qəbul olunmayan əxlaqa zidd ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı onun ünvanına nalayiq söyüşlər söyüb. 

Həmin ilin iyulun 15-də, saat 20-21 radələrində həmin mübahisəni davam etdirmək məqsədi ilə Bəhruz idarə etdiyi “VAZ-21011” markali avtomobil ilə yaşadıqları kəndin dayanacağına gəlib. 

Həmin vaxt orada olan Raminin idarə etdiyi avtomobilə əyləşməsini tələb edib. 

Ramin avtomobilə əyləşdikdən sonra birlikdə Şəmkir rayonu, Ələsgərli kəndinin kənarında yerləşən əkin sahəsinə gediblər. Orada avtomobildən düşərək bir neçə gün əvvəl aralarında yaranmış narazılığa aydınlıq gətirmək məqsədilə sözlə mübahisə ediblər. 

Mübahisə zamanı Bəhruzun onun ünvanına nalayiq söyüşlər söyərək şəxsiyyətini təhqir etməsi və boyunun sağ yan səthinin qançırı yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirməsi səbəbindən əsəbləşən Ramin qisas almaq məqsədilə üzərində gəzdirdiyi bıçaqla qəsdən bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Raminin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramin ona elan olunmuş ititham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, iyulun 11-də, saat 14 radələrində Şəmkir rayonu Ələsgərli kəndində çayxanada olan zaman həmkəndlisi Bəhruz və əvvəllər tanıdığı İsmixan adlı şəxsin yeyıb-içirkən öz aralarında olan söhbət zamanı onun atası, əmisi haqqında xoşagəlməz sözlər danışdıqlarını eşidərək sonunculara yaxınlaşıb, onlara  narazılığını bildirdikdə həmin vaxt aralarında sözlə mübahisə olub:

“Mübahisə əsnasında Bəhruz və İsmixan mənim, mən də onların ünvanına nalayiq söyüşlər söydük. İyulun 15-də, saat 20 radələrində yaşadığımız Ələsgərli kəndinin mərkəzində marşrut dayanacağında tək olan zaman Bəhruz idarə etdiyi “VAZ-21011” markalı avtomobillə gəldi. Mənim avtomobilinə əyləşməyimi dedi. Bəhruzun mənimlə dava etmək istədiyini başa düşərək ona “çıx get işinlə məşğul ol” desəm də, Bəhruz məni söyüşlə çağıraraq avtomobilə oturmağımı tələb etdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Bəhruzun idarə etdiyi avtomobilə əyləşib və sonuncu avtomobili əkin sahələrinə sürüb: 

“Əkin sahələrinə çatdıqda Bəhruz saxlayaraq avtomobildən düşdü. Mənim də düşməyimi tələb etdi. Avtomobildən düşən kimi Bəhruz qolumdan tutaraq təpiklə sinəmdən vurdu. Ardıca isə ikinci dəfə təpiklə vurmaq istədikdə Bəhruz özü arxası üstə yerə yıxıldı. Mən isə yaxınlaşıb sonuncunu yumruqla vurmaq istədim. Bəhruz əli ilə saçımdan tutaraq təpiklə sağ buduma, sonra isə ayağa qalxıb yumruqla boğazıma vurdu. Bu zaman əynimdə olan şalvarın sağ yan cibindən cib bıçağını çıxararaq Bəhruzun qarın nahiyəsinə iki dəfə zərbə vurdum. Bəhruz arxası üstə yerə yıxıldı. Ona tərəf getdikdə Bəhruz təpik atan zaman bıçağı sonuncuya tərəf fırlatdım. Bıçaq Bəhruzun ayağına da dəydi. Bundan sonra qorxub hərəkətlərimi dayandım və bir-iki addım geri çəkildim. Bəhruz isə ayağa qalxıb yaxınlıqdakı taxıl sahəsinə tərəf qaçaraq təxminən 10 metr getdi. Sonra qan axdığını deyərək avtomobilinə tərəf qayıtdı. Bəhruz öz avtomobilində sükan arxasında, mən isə kömək etmək üçün qabaq oturacaqda əyləşdim. Bəhruz avtomobili işə salıb geri qayıtmaq istədikdə həmkəndlimiz Əvəz idarə etdiyi traktorla gələrək yanımızda saxladı. Əvəz və onun yanında olan Köçəri traktordan düşərək bizə yaxınlaşdılar. Onlara Bəhruzu bıçaqla vurduğumu dedim. Köçəri Bəhruzu sükan arxasından düşürərək avtomobili özü idarə etdi. Biz Bəhruzu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına apardıq”.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Raminin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Raminə 2 il sınaq müddəti olmaqla 3 il 3 ay 29 gün müddətinə şərti cəza verilib. 


Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top