Qarabağda elektrikli nəqliyyat vasitələri istehsal ediləcək — Deputatdan AÇIQLAMA

GÜNDƏM 16 fev 2024, 18:42
Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobuslarının istehsalı layihəsinin həyata keçirilməsi planlaşdırılır. İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib ki, Agentlik "2022-2026-cı illərdə sosial iqtisadi inkişaf starategiyası"na uyğun olaraq "yaşıl enerji" üzrə transformasiya layihələri həyata keçirir: “Bununla bağlı ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının elektrik enerjisinə olan tələbatının alternativ enerji mənbələri hesabına tam təmin edilməsi hədəflənir. Bu cür avtobusların istehsal edilməsi ölkədə karbon qazı emissiyasının daha yaxşı idarə olunmasına gətirib çıxaracaq, alternativ enerji texnologiyasının ölkəyə transferinə təkan verəcək", - deyə o qeyd edib. S.Adıgözəlov əlavə edib ki, bu hədəfin gələcəkdə digər sənaye zonalarında, əsasən də Qarabağda fəaliyyət göstərən sənaye parklarında tətbiq edilməsi nəzərdə tutulub. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vüqar Bayramov Demokrat.az-a açıqılamasında qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda alternativ mənbələrdən əldə edilən enerjidən istifadə olunması nəzərdə tutulur:



“Cənab Prezident tərəfindən işğaldan azad olunan ərazilər “yaşıl zona” elan edilib, orada “yaşıl enerji”dən istifadə ediləcək. Bu da elektrik enerjisinə olan tələbin ödənilməsində alternativ mənbələrin rolunun artması deməkdir. Eyni zamanda bu sahədə elektrik avtobuslarının və gələcəkdə elektrik avtomobillərinin istehsalı da hədəflər sırasındadır. Məqsəd Azərbaycanda “yaşıl enerji”dən istifadə edən avtobus və avtomobillərin istehsalına imkanlar açmaqdır. Qarabağda bu potensial var, çünki infrastruktur yeni qurulub, iki sənaye məhəlləsi var. Ağdamda kifayət qədər böyük sənaye parkı salınıb, o cümlədən Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkının praktik olaraq formalaşması həyata keçirilir. Bu, daha innovativ sənaye məhsullarının istehsalını həyata keçirməyə imkan verir. Bu baxımdan Qarabağ yalnız alternativ enerji mənbələrindən istifadəyə töhfəsi ilə deyil, innovativ məhsulların, o cümlədən elektrik avtobus və avtomobillərinin istehsalı ilə də seçilə bilər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top