Hindistanlı turistlərin sayı 3 dəfədən çox artıb

GÜNDƏM 12 fev 2024, 15:41
Ötən həftə Hindistanın Mumbay şəhərində “OTM Mumbai 2024” (“Outbound Travel Mart”) sərgisi keçirildi. Sərgidə ölkəmizin turizm imkanları da nümayiş etdirildi. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutan nümayişdə qonaqlara Azərbaycanın tarixi və mədəni irsi, qastroturizm potensialı, qış turizmi və dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, ekoturizm kimi turizm istiqamətləri və məhsulları barədə məlumat verildi. 

Turizm eksperti Cabir Dövlətzadənin sözlərinə görə, “OTM Mumbai 2024” (“Outbound Travel Mart”) sərgisi bütün dünyada, xüsusilə də Asiyada turizmlə bağlı keçirilən ən böyük sərgilərdəndir. Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, Hindistan həm də dünyada ən çox əhalisi olan ölkələrdəndir:

“Statistikaya görə 2022-ci illə müqayisədə 2023-cü ildə Hindistandan Azərbaycana gələn turist sayı 3 dəfədən çox olub. Hər kateqoriyadan turist gəlir. Həm paytaxtda, həm də regionda hindistanlı turistlərin sayında artım hiss olunacaq dərəcədədir. Hindistanlıların idman yarışlarında iştirakının artması da Azərbaycanda turizmin inkişafına təsir edir. Düşünürəm ki, beynəlxalq turizm sərgilərində iştirak ölkəmizin turizm potensialını artırır və bu sahədən əldə olunan gəlirlər də büdcənin formalaşmasında rol oynayır. 2022-ci ilin avqust ayından etibarən Azərbaycan Hava Yolları Bakı ilə Hindistanın paytaxtı Dehli arasında birbaşa uçuşlara başlayıb. Ötən il Hindistanın “Indigo Airlines” şirkətinin Dehli-Bakı-Dehli reysinə start verməsi də turist axınını xeyli artırıb. Hesab edirəm ki, qarşıdakı illərdə də hindistanlı turistlərin sayında artım müşahidə etməyə davam edəcəyik”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top