Yeniyetmələr arasında yeni dəb — Maraq, yoxsa, vərdiş?

GÜNDƏM 12 fev 2024, 13:15
Son vaxtlar yeniyetmələr arasında elektron siqaretdən istifadə artıb. Xüsusən də gənc qızları əllərində elektron siqaret, şəhərdə gəzərkən tez-tez görürük. Bəziləri düşünür ki, elektron siqaret adi siqaretlə müqayisədə daha az zərərlidir və ya kimsə tütündən istifadəni “tərgitmək” adı ilə əlinə elektron siqaret alır. 

Sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında deyib ki, ölkəmizdə istifadə yaşı 12-15-ə düşən elektron siqaretin əsas aludəçiləri məktəbli uşaqlardır: 



“Məktəbin tinində, dalanlarda, xəlvət küçələrdə məktəblilərin əlində bir elektron siqaret, acgözlüklə sümürdüyünün hamı şahidi olub. Cinsiyyət fərqi olmadan qız-oğlan qarışıq istifadə edilən elektron siqaretin onların orqanizminə vurduğu təhlükə barədə əksəriyyəti məlumatlı deyil. Xüsusilə qızların bu siqaretlərə marağı təhlükəlidir. Çünki elektron siqaretlər təbii artım tempinə zərər verir. Kişilərdə sperma sayının azalmasına səbəb olur, hamiləlik planlayan və ailə tərkibini artırmağı düşünən insanlar üçün ciddi problemdir. Qadınlarda yumurtanın keyfiyyətinə də təsir edir. Dolayısı ilə siqaret çəkməyənlərə nisbətən 10 dəfə daha çox sonsuzluq riski yaradır, erkən klimaks və vaxtından əvvəl doğuş riskini artırır. Bir sözlə, elektron siqaret istifadəsi demoqrafik artım üçün ciddi təhlükədir”. 

Sosioloqun sözlərinə görə, yeniyetməlik dövründə uşaqlar bütün qadağan olunmuş şeylərə maraq göstərirlər, amma diqqət etmək lazımdır ki, bu maraq aludəçiliyə çevrilməsin:

“Əgər çevrilərsə, dəbdən, maraqdan uzaqlaşıb asılılıq yaradarsa, o zaman ciddi təhlükə olacaq. Heç nədən çəkinmədən elə məktəbin tinində toplaşıb siqareti acgözlüklə sümürür uşaqlar. İnanın, bəzən istəyirəm məktəbdəki bütün valideynlərə yaxınlaşıb bir-bir hamısına deyim: "Nə olar, dərsdən gələndə uşağını qucaqla, nəfəsini qoxula, imkan vermə özünü məhv etsin"... Necə fərqində deyillər axı 13-15 yaşlı uşaqların siqaret çəkdiyinin? Ana necə bilməz? Heç qoxulamır balasını? Yoxsa bilir, etinasız yanaşır? Hansı daha dəhşətlidir? Bilib tədbir görməmək, yoxsa heç fərqində belə olmamaq? Öz balammış kimi narahat edir məni o uşaqların damağındakı siqaret, məncə hamını narahat etməlidir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top