Azərbaycanda əxlaq polisi yaradılsın — Hüseynbala Mirələmov

GÜNDƏM 02 fev 2024, 23:00

Türkiyədə “Laz kızı” ləqəbi ilə TikTokda əri ilə birgə canlı açıb pul toplayan hamilə qadın Gül Xatun əxlaq polisi tərəfindən saxlanılıb.

Səbəb isə onun sonuncu dəfə “pul göndərin sinəmi göstərəcəm” deyərək 100 min lirə (təxminən 6 min manat) qarşılığında bunu etməsi olub.

Faktla bağlı istintaq yekunlaşıb. Ona 6 aydan 2 ilə qədər həbs cəzası istənilib.

Hadisə Türkiyə Böyük Millət Məclisində TikTok platformasının bağlanması ilə bağlı müzakirələrin getməsinə səbəb olub.

Ölkəmizdə də TikTokda qeyri-etik davranışlarla, diqqət üzərinə çəkməklə qazanc əldə edən şəxslər var.

Bəs bu şəxslərin cəzalandırılması üçün Azərbaycanda yeni bir qurum - "Əxlaq polisi" yaradıla bilərmi? Bununla bağlı Bakıvaxtı.az-a danışan sabiq deputat Hüseynbala Mirələmov bildirib ki, əxlaq polisinin yaradılması çox asan məsələdir:

“Məncə, hazırkı vəziyyətdə əxlaq polisi yaradılsa yaxşı olar. Bu, sosial şəbəkələrdə təbliğ olunan əxlaqsızlıqların qarşısını alar. Heç olmasa, bu istiqamətdə müəyyən qədər iş görüləcək”.

Onun sözlərinə görə, əxlaq polisinin yaradılmasının dövlətçiliyə, dövlətə heç bir mənfi təsiri yoxdur:

“Bizdə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi var. Elə əxlaq polisi də bir növ onun funksiyasını yerinə yetirə, ona yardım edə bilər. Dövlətimiz məsləhət bilsə, bunu etmək var. Nəticəsinin də pis olmayacağını düşünürəm”.

Hüquqşünas Emil Aslanov isə Bakıvaxtı.az-a bildirib ki, əxlaq polisinin yaradılmasına ehtiyac yoxdur:

“Bizdə əxlaq polisi olmasa da, polis var. Sırf belə bir hərəkət edənlərə qarşı bizim qanunvericilikdə hansısa cəza nəzərdə tutulmayıb. Amma fahişəliyə cəlbetmə, fahişəliklə məşğul olma maddələri var və şəxslər bu maddələrə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Cinayət tərkibi varsa, polis belə halları araşdıra bilər. Amma kimsə canlı yayımda sinəsini göstərib pul tələb edirsə, onu həbs edə bilməz. Belə bir maddə yoxdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top