“Bəzi parametrlər üzrə inkişaf etmək digər universitetlərimizi də irəliyə apara bilər”

GÜNDƏM 29 yan 2024, 19:10
Times Higher Education World University Rankings 2024-ci ilin reytinq cədvəlini açıqlayıb. 108 ölkə və regiondan 1906 universitetin daxil olduğu siyahıda Azərbaycan universitetlərindən yalnız Bakı Dövlət Universiteti yer alıb. 
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında deyib ki, Bakı Dövlət Universitetinin son zamanlarda beynəlxalq reytinq cədvəllərinə düşmək üçün göstərdiyi fəaliyyət və tutduğu strateji yol təqdirəlayiqdir. Lakin bu, o demək deyil ki, ölkədəki digər ali təhsil müəssisələri geri qalır:


“Hər reytinq cədvəlinin müəyyən tələbləri var. Əksər meyarlar oxşarlıq təşkil edir. Lakin bəzi parametrlər üzrə inkişaf etmək digər universitetlərimizi də irəliyə apara bilər. Yüksək indeksli jurnallarda elmi məqalələrin kəmiyyət və keyfiyyət cəhətdən çoxluğu əsas meyarlardan hesab olunur. Bakı Dövlət Universiteti bu məsələdə özünü inkişaf etdirir. Universitet alimlərinin beynəlxalq indeksli jurnallarda dərc olunan məqalələrinin sayı çoxalır. Digər universitetlərimizdə də bu inkişafı görmək olar. Məsələn, UNEC, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Pedaqoji Universitet, Neft və Sənaye Universitetinin adını çəkə bilərəm. 

Düzdür, reytinq  cədvəllərinə düşmək üçün başqa tələblər də var – infrastruktur, məzunların işlə təmin edilməsi, onların sonradan əmək bazarındakı mövqeyi. Times Higher Education World University Rankings etibarlı mənbədir, ona inanmaq olar. İnanıram ki, digər universitetlərimiz də bu və ya digər beynəlxalq cədvəllərdə irəliləyəcəklər”.

Qeyd edək ki, cədvəl yeni WUR 3.0 metodologiyasına əsaslanır və bu metodologiyaya universitetin beş sahədə fəaliyyətini ölçən 18 göstərici daxildir: tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye və beynəlxalq cəlbedicilik.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top