Sumqayıtda kişi arvadını döydü

KRİMİNAL 24 yan 2024, 14:10
Sumqayıt şəhərində 1984-cü il təvəllüdlü Ramil aralarında yaranan mübahisə zamanı həyat yoldaşı Firəngizə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 76-cı məhəllə, 5 nömrəli yataqxanada baş verib. 

Ramil aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı Firəngizin sol göz nahiyyəsindən yumruqla, sol ayağından isə təpiklə vuraraq, ona xəsarətlər yetirib. 

Hadisəni törədən Ramilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Firəngizlə 2007-ci ildə rəsmi qaydada ailə qurublar, birgə nikahdan üç övladları var: 

“Son beş ildə ailə münasibətlərimizdə ziddiyyətlər yarandı və tez-tez mübahisələrimiz oldu. Hadisə günü, təxminən saat 20.00-da evə gələn zaman gördüm ki, uşaqlar evdədir, lakin Firəngiz üzbəüz qonşuda yas mərasimindədir. Gecə saatlarında da Firəngizin evə gəlmədiyini gördüm və əsəbləşdim”. 

Təqsirləndirilən şəxs deyib ki, növbəti gün səhər tezdən evdən çıxaraq gedib: 

“Təxminən saat 20.00-da evə gəldim. Evə gələn zaman yolda bir ədəd spirtli içki olan “GO” alaraq içdim. Evdə söhbət zamanı arvadımdan gecə saatlarına kimi qonşuda olduğu üçün danladım. Buna görə aramızda mübahisə yarandı. Firəngiz mənə cavab qaytardığı üçün əl və ayaq zərbələri ilə vurdum. Mübahisə 5-10 dəqiqə evin içərisində olub, kənar şəxslər görməyib”.

İş üzrə zərərçəkmiş Firəngizin sözlərinə görə, hadisə günü, təxminən 20.00-da Ramil sərxoş vəziyyətdə evə gələrək bir gün əvvəl qonşuda olan yas mərasiminə getdiyi üçün onunla mübahisə edib və nalayiq söyüşlər söyüb: 

“Mən isə Ramilə cavab qaytardıqda şillə ilə sifətimin sol tərəfindən vurdu, saçlarımdan dartaraq məni yerdə sürüdü. Sonra təpiklə sol ayağımdan vuraraq məni döyməyə başladı. Ramilin əlindən çıxaraq evdən getdim və 5-ci Polis Bölməsinə şikayət verdim. Hadisə zamanı başımda, sifətimin sol tərəfində və sol ayağımda xəsarətlər yarandı”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ramilin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top