Fazil Mustafaya sui-qəsd hazırlayan şəxs danışdı: "Yazdıqları məni narahat edirdi"

KRİMİNAL 22 yan 2024, 21:06
Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı  yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və onların vəkilləri Fazil Mustafanın məhkəmədə iştirak etməsin təmin edilməsini istəyiblər.

Lakin Əmin Əliyarovun vəkilləri - Kamandar Nəsibov və Sadiq Rəsulov Fazil Mustafanın prosesdə iştirak etməməsinə etiraz etməyiblər. 

Hakim deyib ki, hazırkı mərhələdə Fazil Mustafanın iştirakı olmadan iclas davam etdirilir, lakin növbəti iclaslarda lazım olsa Fazil Mustafanın iştirakı təmin olunacaq. 

Daha sonra prokuror Orxan Kəngərli ittiham aktını açıqlayıb. İttihama görə, Azər Səricanov və digər təqsirləndirilən şəxslər İranın Rey şəhərində olarkən "Hüseyniyyun" qrupunun üzvləri ilə millət vəkili
Fazil Mustafanın dini baxışlarına görə siyasi fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etməyi müzakirə ediblər. 

Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik məlumatlar toplayıblar. Daha sonra terror aktını həyata keçirmək məqsədilə 2022-ci ildə “Kalaşnikov” konstruksiyalı avtomat silah əldə ediblər. 

Teror aktını həyata keçirmək üçün Rəşad Əhmədov 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib və Qaradağdakı evinə gıtirib. Plana əsasən o, həmin vəsaiti daha sonra Azər Sarıcanova verib. 

Hadisədən əvvəlku vaxtlarda Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb. Azər Sarıcanov hadisədən öncə terror aktında istifadə ediləcək tapanca silahı avtomat silahı isə Səbuhi Şirinova verib. 

Daha sonra Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib. Orada Səbuhi Şirinov Fazil Mustafaya 7 dəfə atəş açıb.

Nəticədə Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Hadisədən sonra Azər Sarıcanov ona verilən 30 min ABŞ dollarını şəhərin müxtəlif istiqamətlərində dəyişib. Bu puldan 15 min manatı Səbuhi Şirinova verib. 

Dəstə üzvləri teror aktından başqa Azərbaycanda müxtəlif adreslərdə olan hərbi təyinatlı obyektləri barədə məlumatları İranda tanış olduğları xüsusi xidmət orqanları əməkdaşlarına ötürüb.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli biliblər. 

Daha sonra təqsirləndirilən şəxslərdən Azər Səricanov ifadə verib. O bildirib ki, ittiham aktında yazılanlardan bəzi hissələrlə razı deyil.

Amma Fazil Mustafanın odlu silahla vurulmasına özü göstəriş verdiyini təsdiqləyib. Bildirib ki, deputatın dinlə bağlı səsləndirdiyi fikirlər, sosial şəbəkələrdə imamlar haqqında yazdıqlarından qıcıqlanıb, onu cəzalandırmaq qərarı verib: “İnsanın dini etiqad azadlığı var. Dövlət xadimi olmur, lap kim olursa olsun, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sataşa bilməz. Aşura gününü keçirənləri “hürürlər, mələşirlər” ifadəsini işlətmək nə deməkdir? 2019-cu ildən Fazil Mustafanın dedikləri, yazdıqları məni narahat edirdi".

Azər Səricanovun sözlərinə görə, Fazil Mustafanın dini fikirlərilə bağlı müvafiq qurumlara şikayətlər göndəriblər, lakin baxan olmayıb. Onun sözlərinə görə, “Facebook”da onun özünə və oğluna da yazıblar: "Bunun da xeyri olmadı. Bütün bunlardan sonra şəxsi təşəbbüsüm ilə onu cəzalandırmaq qərarına gəldim. İrana gedib, millət vəkilini cəzalandıracaq, şəxsin sonradan sığına bilməsi üçün yer axtardım. Bilirdim ki, başqa ölkələr həmin adamı Azərbaycana təhvil verərlər. Bu səbəbdən İranda axtarmağa başladım. Oradan istədiyim formada cavab ala bilmədim. İrandan qayıdandan sonra Fazil Mustafa ilə bağlı araşdırma aparmağa, onun evinin yerini, hərəkət marşrutunu müəyyənləşdirməyə başladım. Daha sonra cinayəti icra edən Səbuhi Şirinovla tanış oldum. Mən adam axtarırdım. Məclislərdən birində Səbuhi ilə tanış oldum. Dedi ki, xüsusi təyinatlılarda MAXE olmuçam.  O dəqiqə bildim ki, mənə lazım olan adamdır. Mən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul idim. Səbuhiyə də məhsul verməyə başladım. Onunla Fazil Mustafa haqqında danışdım. Onda dedi ki, hamı zəncir çeynəyir onun əlindən. Ona dedim ki, ailəli adamsan, uşaqların var, get, bir həftə sənə vaxt verirəm. Bu barədə yaxşı fikirləş, bu iş oyuncaq iş deyil".

Şəxsin sözlərinə görə, Səbuhi Şirinov bu işi üzərinə götürəndən sonra ona qayınatasından qalmış avtomat silah verib: "Tapşırdım ki, ailəsinin, uşaqlarının yanında hadisəni törətmşsin. Çünki arvad-uşaq yanında bu cinayəti törədilməsinə mənim əqidəm yol verməzdi. Buna görə də hadisənin törədilməsi vaxtı bir qədər uzandı".

Azər Səricanov  qeyd edib ki, məqsədləri Fazil Mustafanı öldürmək olmayıb, onu cəzalandırmaq istəyiblər: "Bu səbəbdən əvvəldən danışdıq ki, həyati əhəmiyyətli orqanlarına atəş açılmasın. Onun çiyninə dəyən güllə başına da dəyə bilərdi. Elə olmamağının səbəbi budur ki, onu öldürmək yox, cəzalandırmaq istəmişik. Səbuhi bu işi görəndən sonra bizə gəldi. Paltarlarını samovarda yandırdım. Bir qədər sonra Səbuhiyə 15 min manat pul verdim. Dedi ki, bu nə puldur. Bildirdim ki, bu sənin şirlinliyidir". 

O, deputata qarşı cinayətin İrandan gələn sifarişlə törədilməsi, bu məqsədlə Rəşad Əhmədov vasitəsilə 30 min dollar ona çatdırılması barədə ittiham aktında yazılanları qəbul etməyib.

Azər Səricanov əlavə edib ki, avtomatdan başqa tapançası da olub. Həmin tapançanı 2022-ci ildə təqsirləndiriən Emin Əliyarovdan alıb. Millət vəkilinə qarşı sui-qəsd vaxtı təqsirləndirilən Rəşad Əhmədova verib. O da hadisə yerində olub.

Növbəti proses fevralın 16-da davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədikib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs olunublar.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top