Başqırdıstanda iğtişaşlar: Nə baş verir? — VİDEO

DÜNYA 18 yan 2024, 15:33
Başqırdıstanda ekstremizmdə ittiham olunan ictimai fəal Fail Alsınova dəstək üçün keçirilən mitinqdə etirazçılarla Rusiya Qvardiyasının əməkdaşları arasında toqquşmalar baş verib.

Yeniavaz.com “Qazeta.ru”ya istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə insident Fail Alsınova hökm elan edildikdən sonra məhkəmə binası yaxınlığında baş tutub.

Belə ki, Başqırdıstan məhkəməsi Alsınovu 4 il müddətinə azadlıqdan məhrum edib və bu hadisələrin fonunda bir neçə min insan ona dəstək vermək üçün məhkəmənin keçirildiyi Başqırdıstanın Baymak şəhərinə gedib. Tərəfdarların axınının qarşısını almaq üçün polis şəhərin girişlərini bağlayıb.

Sosial şəbəkələrdə toqquşmalarla bağlı görüntülər yayılıb. Görüntülərdə Rusiya Qvardiyasının əməkdaşlarının qalxan və dəyənəklərlə müdafiə olunduğu, dəbilqə və zireh geyindiyi görünür. Görüntülərdə əməkdaşlar Alsınova dəstək ifadə etməyə gələnləri ərazidən uzaqlaşdırılmağa çalışırlar. Eyni zamanda, videogörüntülərə əsasən, etirazçılardan bəziləri toplaşdıqları yeri tərk etməkdən imtina edirlər və bundan sonra toqquşmalar başlayır. Qvardiya əməkdaşları mitinq yerini tərk etmək istəməyənləri saxlamağa çalışır, onları yerə yıxırlar.




Rusiya Federasiyasının İstintaq Komitəsi bildirir ki, Fail Alsınovun tərəfdarları tərəfindən təşkil edilən iğtişaşlar nəticəsində polis əməkdaşları yaralanıb. İstintaq Komitəsinin məlumatına görə, aksiya sosial şəbəkələr və messencerlər vasitəsilə təşkil edilib.

Gün ərzində baş verən iğtişaşlardan sonra yanvarın 17-də axşam Baymakda vəziyyət sabitləşib. Başqırdıstanın Baş naziri Andrey Nazarov Baymakdakı mitinqlərin başa çatdığını elan edib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən həbslər həyata keçirilib. Ufa Məhkəməsi Baymakdakı iğtişaşlardan sonra altı nəfəri həbs  edib.

Respublika Səhiyyə Nazirliyi zərərçəkənlərə yardım göstərildiyini və onların heç birinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını açıqlayıb.

Daha sonra Rusiya İstintaq Komitəsi Baymakda məhkəmə binası yaxınlığında baş vermiş iğtişaşların iştirakçılarına qarşı kütləvi iğtişaşları təşkil və iştirak etmək maddəsi də daxil olmaqla Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açıb.

Qeyd edək ki, Fail Alsınova qarşı cinayət işi 2023-cü il aprelin 28-də keçirilən mitinqlərdə yol verdiyi ifadələrə görə açılıb. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsi ilə “Nifrət və ya düşmənçiliyin salınması” maddəsi ilə cinayət işi açılıb. O, adi insanlar üçün “qara xalq” ifadəsini işlədib. Başqırdıstan Məhkəməsi Alsınovu 4 il müddətinə azadlıqdan məhrum edib.

Xatırladaq ki, yanvarın 16-da Alsınov “Başqırd” təşkilatında iştirakına görə terrorçu və ekstremistlər siyahısına əlavə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top