Bakıda məşhur şadlıq sarayında qanlı dava — Rəqs edən oğlan bıçaqlandı

KRİMİNAL 06 dek 2023, 12:12
Bakının Binəqədi rayonunda 2006-cı il təvəllüdlü Polad adlı şəxs şadlıq sarayında keçirilən toy məclisində iştirak edən digər qonaq Xəyalı bıçaqlayıb. 
 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Binəqədi şossesi 31A ünvanında yerləşən “White Palace” şadlıq sarayında baş verib. 

Polad toy şənliyində iştirak edərkən spirtli içki qəbul edərək, alkoqollu sərxoş vəziyyətdə 2005-ci il təvəllüdlü Xəyalın zarafat zamanı əli ilə onu vurmasını bəhanə edib. 

O, Xəyalın ünvanına nalayiq ifadələr işlədib, bıçaqla ona iki dəfə zərbə vurub. 

Hadisəni törədən Poladın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri etmək) maddələri ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Polad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O bildirib ki, Qaradağ rayonu, Qobu park yaşayış kompleksində yaşayır:

“Hadisə günü toy məclisinə getdim. Toyda yeyib-içən zaman spirtli içki də qəbul etmişəm. Daha sonra Xəyal məni rəqsə dəvət etdi. Mən də Xəyalla birlikdə rəqs etdim. Hər şey yaxşı oldu”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Xəyal onu özünün əyləşdiyi masaya dəvət edib: 

“Xəyal ilə eyni masa arxasına əyləşdikdən sonra yenə spirtli içki qəbul etdim. Bir qədər sonra Xəyal məndən birlikdə siqaret almağa getməyi xahiş etdi. Mən də Xəyalla birlikdə siqaret almaq üçün “White Palace” şadlıq sarayının yanında yerləşən mağazaya getdim. Marketdə Xəyal mənə əl-qol atmağa başladı. Xəyaldan 2-3 dəfə bunu etməməsini xahiş etdim. Xəyal siqareti alaraq mağazanı tərk etdim. Biz şadlıq evinə qayıdarkən Xəyal məndən 7-8 addım qabaqda getdi. Bu zaman tanımadığım 2 nəfər şəxs məni saxlayaraq Xəyalın içkili vəziyyətdə olduğunu, ona fikir verməməyimi bildirdi. Mən də öz növbəmdə Xəyalın dostum olduğunu həmin şəxslərə bildirdim. Şadlıq sarayına daxil olaraq pilləkənlərlə qalxarkən Xəyal məni çölə, yəni şadlıq evinin sağ hissəsinə dəvət etdi. Orada Xəyal mənə əl-qol atdı, yəni yumruq zərbələri endirərək gözümü partlatdı. Sonra Xəyal məni yerə yıxaraq döyməyə başladı. Mən də Xəyala toy məclisində olduğumuzu, toyda dava salmağın düzgün olmadığını bildirdim. Xəyaldan dayanmasını istədim”. 

Polad qeyd edib ki, daha sonra Xəyal onu təhqir edib və ailəsinin, eyni zamanda onun ünvanına nalayiq ifadələr səsləndirib: 

“Baş verənlər mənə pis təsir etdi. Ona görə də  yuxarı çıxaraq foyedəki bardan meyvə bıçağını götürdüm. Bundan sonra Xəyala yaxınlaşdım. Xəyalı bıçaqla sonuncunu toy zalının qapısının yanında duran zaman vurdum. Xəyala bıçaqla zərbələri necə endirdiyimi xatırlamıram. Həmin an spirtli içkinin təsirində olmuşam. Ona görə də Xəyala ağır xəsarət yetirmək istəməmişəm. Məqsədim Xəyalı qorxutmaq olub. Daha sonra endirdiyim bıçaq zərbələrinin Xəyalın qoltuqaltı və sinə nahiyəsinə dəydiyini öyrəndim”. 

Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini, həmin maddə ilə ona yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə ona bəraət verilməsini məhkəmədən xahiş edib.

İş üzrə zərərçəkmiş Xəyalın sözlərinə görə, Poladla toyda olduğu zaman siqaretinin qurtardığını görüb: 

“Poladı siqaret almaq üçün mağazaya getməyə dəvət etdim. Mağazaya gedərkən Polad yolda qışqırmağa başladı. Tanımadığım şəxslər, yəni bir neçə qaqaş bizə yaxınlaşaraq irad bildirdilər, Polada qışqırmamasını dedilər. Poladın adından həmin qaqaşlardan üzr istədim. Polada irad bildirən şəxsləri tanımıram”. 



Zərərçəkmiş qeyd edib ki, daha sonra Poladla birlikdə mağazaya gedib:

“Mağazada siqaretin ödənişini edib pulun qalığını almaq üçün gözləyərkən Polad məni heç bir səbəb olmadan vurmağa başladı. Sonra Polad məni bir neçə dəfə vurdu. Öz növbəmdə Polada bunu etməməsini dəfələrlə dedim. Mağazadan çıxıb biraz uzaqlaşdıqdan sonra Poladdan nəyə görə belə hərəkət etdiyini soruşdum. Polad isə öz növbəsində əlini belinə uzadaraq məni qorxutmağa çalışdı. Mən də həmin an Polada olandan, yəni bıçağın məndə də olduğunu bildirdim. 

Bundan sonra Polada bıçaqdan istifadə etməyin lazım olmadığını bildirdim. Biz oradan danışa-danışa uzaqlaşaraq şadlıq sarayına getdik. Şadlıq sarayına çatanda Fərid adlı dostum məndən nə olduğunu soruşdu. Bir neçə dəfə Fəridin suallarına cavab verməsəm də, ən sonda Fəridə Polad ilə mübahisə etdiyimi dedi. 

Poladın spirtli içki içib-içmədiyini xatırlamıram. Özüm 2-3 qədəh spirtli içki qəbul etmişəm. Fərid bizə dalaşmamağı, səhəri gün aramızda olan problemi həll edə biləcəyimizi bildirdi. Biraz sonra Polad yanıma gələrək məni aşağı dəvət etdi. 

O, söhbət etmək istədiyini bildirdi. Mən də söhbət edə biləcəyimi, problem olmadığını Polada dedim. Biz şadlıq evindən çıxdıqda, Polad elə şadlıq evinin qarşısında söhbət etmək istədim. Polada orada danışmağın düzgün olmayacağını bildirdim və ona görə də biz şadlıq evindən biraz kənara getdik. Daha sonra orada xeyli mübahisə etdik. 

Mübahisə zamanı ilk olaraq Polad sinə nahiyəmə zərbə endirdi. Daha sonra Polad məni üç dəfə vurdu və mənə qarşı nalayiq ifadələr işlətdi, mənə “varyox” söyüşü söydü. Polad söyüş söydükdən sonra onun üzündən yumruqla vurdum. Sonra Fərid gələrək bizi ayırdı. Fərid bizə toya qan-qaraçılıq salmağın lazım olmadığını, aramızda olan məsələni toyun səhəri günü həll edə biləcəyimizi dedi. Fərid hətta bu söhbəti səhəri gün davam etdirməyənə söyüş də qoydu. 

Mənim əlim, Poladın isə ağzı qan içində olduğu üçün biz ayaqyolunda əl-üzlərimizi yuduq. Sonra şadlıq evinin zalına getdik. Toy zalında rəqs etdiyim zaman birdən nə iləsə vurulduğumu hiss etdim. Mənimlə eyni zamanda toyda 100 nəfərə yaxın insan rəqs edib. Zərbənin biri mənim qoltuqaltıma, digəri isə həmin vaxt çöndüyümdən qarın nahiyəmə dəydi. Poladın zərbə endirdiyi bıçağı görməmişəm. Mənim başım fırlandığı üçün arxa-arxaya gedərək yıxıldım. Daha sonra məni xətəxanaya apardılar”.

Xəyalın ifadəsinə görə, Polad onu xəstəanaya aparmaq üçün heç bir köməklik göstərməyib: 

“Məni xəstəxanaya Fərid adlı dostum aparıb. Müalicə xərcim təxminən 10.000 manatdan çox olub. Poladın özü və yaxın qohumları tərəfindən mənə dəymiş zərər ödənilməyib. Təqsirləndirilən şəxs ilə aramızda barışıq yoxdur”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Polad 6 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top