“Tikinti zamanı təhlükəsizlik qaydaları ön planda olmalıdır” — Hansı risklər var?

GÜNDƏM 30 noy 2023, 20:35
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, Amankənd kənd sakini 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərdən birində təmir işi görərkən ölüb. Ev sahibinin sözlərinə görə B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması olub.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə tikinti sahəsi təhlükə potensialı riski yüksək olan sahədir. O, Demokrat.az-a açıqlamasında deyib ki, burada istifadə olunan avadanlıqlar, qurğular, materiallar, kimyəvi tərkibli tikinti materialları, hündürlükdə görülən işlər, ağır tonnajlı nəqliyyat vasitələrinin hər biri təhlükəlidir: 



“Buna görə də tikinti zamanı təhlükəsizlik qaydaları mütləq ön planda olmalıdır. Tikintidə baş verən əsas problemlərdən biri də hündürlükdən yıxılma hallarıdır. Hündürlükdə görülən işlər mütləq təhlükəsiz şəkildə həyata keçirilməlidir. Bununla bağlı kifayət qədət təlimatlar, təhlükəsizlik qaydaları da var. İki metrdən yuxarıda görülən işlər hündürlükdə görülən işlər sayılır. Mütləq qoruyucu kəmər bağlanmalıdır, qoruyucu sipərlər çəkilməlidir, ayaq altındakı dayaqlar möhkəm və dayanıqlı olmalıdır. İşçilər xüsusi ayaqqabı geyinməlidir. Ayağın üzərinə ağır əşya, dəmir, daş düşə bilər, bu cür ayaqqabılar ayağı zədədən qoruyur. Kaska taxılmalıdır ki, hündürlükdən düşə biləcək hər hansı bir parça insana zərər verməsin. Mütləq uniforma və əlcəkdən, ehtiyac varsa eynəkdən istifadə edilməlidir. Bu qaydalar görülən işin spesifikasından asılı olaraq dəyişə bilər”. 

Ekspert bildirib ki, hər bir əməliyyat icra olunarkən təhlükəsizlik riski nəzərə alınmalıdır:

“Məsələn, divar sökülərkən hansı risklər ola bilər, hündürlükdə işlər aparılarkən nə kimi təhlükələrlə qarşılaşmaq olar və s. Ağır tonnajlı nəqliyyat vasitələrindən istifadə qaydası, malların qəbulu, boşaldılması, daşınması, qaldırılması zamanı təhlükəsizlik qaydalarına riayət etmək vacibdir. Söküntü işləri aparılarkən də həmçinin diqqətli olmaq lazımdır. Təhlükəsizlik parametrləri risklərdən minimum zərərlə qurtulmaq üçündür. Təhlükəsizlik qaydalarına əməl edilərsə baş verən neqativ hadisədən minimum risklə ötüşmək olar. İş briqada şəklində görülürsə, bunlara nəzarət edən şəxs olmalıdır. Fərdi şəxslər də bu qaydalardan məlumatlı olmalıdırlar”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top