“Öz yerində” olmayan şagirdlər: “Direktorların cəzalandırılması çıxış yolu deyil”

GÜNDƏM 28 noy 2023, 17:03
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda bildirib ki, yuxarı siniflərdə şagirdlərin dərsdən yayınaraq repetitor yanına getmələri üçün kütləvi yerdəyişmə etdikləri məktəblər daim nəzarətdə saxlanılır. O qeyd edib ki, yalnız ötən il bir neçə müəssisə rəhbəri və buna məsul olan şəxs cəzalandırılıb: "Uşaqların dərsə davamiyyəti ilə bağlı aylıq hesabatlar toplanılır və müvafiq tədbirlər görülür. Şagird yerdəyişmələri ilə bağlı sistem mövcuddur, monitorinq aparılır və buna uyğun addım atılır". 

Universitetə qəbul olmaq üçün bir neçə il hazırlıq prosesinin, əlavə müəllimlə məşğul olmağın şərt olduğu və bunun üçün valideyn və şagirdlərin müxtəlif yollara əl atdığı dövrdə məktəb direktorlarının buna görə cəzalandırılması problemləri həll edirmi?   

Təhsil eksperti Cahid İmanlı bu sualı Demokrat.az-a açıqlamasında cavablandırıb:



“Bu gün heç kimə sirr deyil ki, təhsilin demək olar bütün pillələrində özəl təhsil, "kurs təhsili", fərdi, repetitor hazırlığı mövcuddur. Bu, bağça təhsilindən başlayıb, abituriyent hazırlığı, magistr hazırlığı, müəllimlərin işə qəbulu imtahanlarına qədər keçərlidir. Çox təssüf ki, əksəriyyətdə dövlət müəsisələrinə qəbul olmaq üçün də dövlət müəssisəsindən kənar təhsilin daha yaxşı fikri olması formalaşıb”.
Ekspertin fikrincə bu baxımdan şagirdlərin müəyyən qisminin "öz yerində" olmaması təsadüfü deyil:

“Şagirdlərin və valideynlərin bu addımı atması onlar üçün zərurətdən irəli gəlir. Heç kim həqiqi  təhsil almaq üçün formal təhsil aldığı, yəni adının yazıldığı müəssisəyə əlavə vəsait xərcləmək istəməz. Bunun səbəbləri araşdırılmalı və aradan qaldırılması üçün addımlar atılmalıdır. Ayrı-ayrı direktor və digər məsuliyyətli şəxslərin cəzalandırılması çıxış yolu deyil. Bəlkə də dövlət məktəblərində ödənişli hazırlıq siniflərinin açılması ilə məsələni qismən həll etmək olar. Digər tərəfdən düşünürəm ki, məsələnin həll olunmamasının səbəblərindən biri bu sahədə böyük biznesin olmasıdır. Hansı ki, bunun da kimlərinsə kurasiyasında olması istisna deyil”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top