Əli Kərimlinin “erməni arzuları” ürəyində qaldı — Xankəndi Zəfər paradını hələ də həzm edə bilmir

TƏHLİL 11 noy 2023, 17:28
Qarabağ məsələsinin tam həll edilməsi, torpaqlarımızın azad olunması və Xankəndində möhtəşəm Zəfər paradının keçirilməsi təkcə erməniləri yox, Azərbaycanda başda AXCP sədri Əli Kərimli olmaqla radikal müxalifəti də məyus edib. Çünki onlar uzun illər “bu hakimiyyət torpaqları azad edə bilməz”, “İlham Əliyev Qarabağı qaytara bilməyəcək” iddialarını irəli sürür və mövcudluqlarını bunun üzərində saxlamağa çalışırdılar.

27 sentyabr 2020-ci il tarixi həm də radikal müxalifət üçün “qara gün” idi. Prezident İlham Əliyev torpaqlarımızın azad edilməsi əmrini vermişdi və ordumuz 30 illik işğala son qoymaq üçün hərəkətə keçmişdi. Müharibənin davam etdiyi 44 gün ərzində Əli Kərimli və dəstəsi döyüşün dayandırılmasını çox arzu edirdi. Lakin qəhrəman Ordumuz Şuşaya qədər getdi və Zəfər qazandı. 10 noyabr razılaşmasına uyğun Rusiya sülhməramlılarının müvəqqəti yerləşməsi baş verəndə Əli Kərimli “qol götürüb oynayırdı”. Çünki zəfərimizi ləkələmək, arxa plana keçirmək üçün bunu fürsət olaraq görürdü. 



“Xankəndi əldən getdi”, “Torpaqlarımız Rusiyaya verdildi”, “Bəs, Qarabağ məsələsi həll olunmuşdu?” və s. bu kimi absurd ittihamlar irəli sürür, qələbəni kölgələməyə cəhdlər edirdilər. 2021-ci ildə Əli Kərimlinin separatçıların Xankəndində təşkil etdiyi “yürüşü” xalqın “gözünə soxurdu”. Qələbəmizi “xalqı aldatmaq” kimi təqdim edirdi.

Səbəbi bəlli idi. Əli Kərimlinin dərdi heç vaxt nə torpaqlarımızın azad olunması, Qarabağ məsələsinin bitməsi yox, hakimiyyət ehtirası olub. Əli Kərimli torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunmasını da buna görə həzm edə bilmir. 44 günlük müharibədən sonra ötən üç il ərzində Əli Kərimli və dəstəsi Ermənistan və anti-Azərbaycan şəbəkəsi ilə əl-ələ verib  Zəfərimizə kölgə salmaq üçün əlindən gələni etdi.

20 sentyabr 2023-cü il tarixində Qarabağda erməni separatizmi ləğv edildi və suverenliyimiz bərpa olundu. Bu, təkcə erməni separatçılar üçün yox, Əli Kərimli və onun riyakar dəstəsi üçün də ikinci ağır zərbə idi. Bunu öz paylaşımlarında, irəli sürdükləri fikirlərində də təsdiq edirlər. Hətta Xankəndinə bayrağımızın sancılmasını həzm edə bilmədikləri üçün qondarma iddialar irəli sürməyə başladılar, qələbəni gah Rusiyanın ayağına yazdılar, gah Qərb ölkələrinin, gah da “Xankəndi icarəyə götürülüb” kimi əxlaqsız iddialar irəli sürdülər.

Prezident İlham Əliyevin Xankəndində Zəfər paradını qəbul etməsi isə Əli Kərimlinin gerçək simasını ifşa edən son məqam oldu. 44 günlük müharibədən sonra “Bəs nə oldu, Xankəndini alırdınız?”, “biz demişdik, bu hakimiyyət heç nə edə bilməz” kimi əxlaqsız kampaniya aparan Əli Kərimli və dəstəsi Xankəndində Zəfər paradının qarşısında susub lal oldu, sanki heç nə olmamış kimi davrandı, son yüz illik tariximizin ən önəmli hadisəsi olan bu paradla bağlı bir kəlmə belə yazmadı. Çünki təkcə ermənilərin yox, Əli Kərimlinin də arzuları ürəyində qalmışdı.

Əli Kərimli indi də başlayıb keçi fermalarından yazmağa. O, azad olunmuş ərazilərdə infrastrukturun yaradılmasına, quruculuq işlərinə kölgə salmağa çalışır. Çünki artıq sözü bitib, deməyə heç nəyi yoxdur, həm də torpaqları azad edən Prezident İlham Əliyevin azad olunmuş ərazilərdə həyata keçirdiyi nəhəng quruculuq işlərini də həzm edə bilmir. Belə demək mümkünsə, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq, Əli Kərimlinin ən böyük problemi həzmsizlikdir. Elə, ermənilər kimi!


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top