“Kommunikasiyaların açılmasının ardınca Qərbi Azərbaycana qayıdış məsələsi həllini tapa bilər” — ŞƏRH

XARİCİ SİYASƏT 07 noy 2023, 20:50
“Əgər Qarabağdakı ermənilər vətəndaşlıq alıb, yaşamağa davam edəcəklərsə, azərbaycanlıların da Qərbi Azərbaycana qayıtmaq hüququ təmin olunmalıdır. Söhbət yaxın tarixdən gedir, azərbaycanlılar 80-ci illərin sonundan deportasiya edilib. Biz bu məsələləri sülh yolu ilə həll etməyi prioritet hesab edirik. İkinci Qarabağ müharibəsinin yekununda imzalanan üçtərəfli bəyanata 9-cu maddədən irəli gələn məsələlərin salınması Azərbaycan tərəfini təşəbbüsü olub, yəni qərb rayonlarını Naxçıvanla birləşdirəcək avtomobil və dəmir yolunun açılması. Kommunikasiyalar, nəqliyyat dəhlizi açılarsa, regionda ticarət əlaqələrində canlanma olarsa, gediş-gəliş bərpa edilərsə, zamanla azərbaycanlıların Qafana, İrəvana köçürülməsi də sülh yolu ilə həyata keçirilə bilər”.

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Tural Əliyev deyib. O qeyd edib ki, Ermənistan 3 ildir, 9-cu bəndi yerinə yetirmir, regiona  Qərb dövlətlərinin müdaxiləsinə şərait yaradır, təhlükəsizliyini təmin etmək üçün Qərbi arxasına çəkir. Bu isə Rusiyanın maraqlarına ziddir, belə olduğu halda iki dövlət arasında narazılıq yaranır:



“Proqnozlardan biri kimi ehtimal etsək, Ukrayna ssenarisi Ermənistanda təkrarlansa, Rusiya-Ermənistan qarşıdurması hərbi münaqişə səviyyəsinə gəlib, çatsa, bu, regiona mənfi təsir edəcək. Ukraynanın ərazisi böyük olduğu üçün döyüş əməliyyatlarını davam etdirməyə imkan verir, Ermənistan isə kiçikdir. Orada hər hansı böyük müharibə Azərbaycana təsirsiz ötüşməyəcək. Ermənistan dövlətçiliyinə təhlükələr olarsa, hesab edirəm ki, gələcəkdə Qərbi Azərbaycana qayıdış məsələsi bir müddət mümkün olmayacaq, çünki təhlükəsizlik baxımından düzgün deyil. Prosesləri izləməli və hadisələrin necə bitəcəyini gözləməliyik. Əsas olan Azərbaycan – Ermənistan sərhədində təhlükəsiz buferin yaradılmasıdır ki, hər hansı hərbi toqquşma ölkəyə siraət etməsin”.

Politoloq əlavə edib ki, Azərbaycan indi sadəcə Rusiya ilə Ermənistan arasında gedən prosesləri yaxından izləyir:

“Bizə lazım olan ilk növbədə kommunikasiyaların açılmasıdır, ardınca Qərbi Azərbaycana qayıdış məsələsi həllini tapa bilər. Ermənistan indiki vəziyyətdə hər iki məsələni gecikdirir.
Sülh yolu ilə Qərbi Azərbaycana qayıdış reallaşsa, azərbaycanlıların mülkiyyə hüququ bərpa olunsa, Ermənistan bunu qəbul etsə, bu, sülhə doğru addım olacaq. Ermənistana Rusiya ilə müharibə sərf etmir. Ərazisi kiçikdir, əhalisinin yardımlara ehtiyacı olacaq ki, bunu nə Gürcüstan, nə də İran gözə alacaq, Rusiya ilə münasibətlərin korlanmaması üçün. Ermənistan qalacaq Türkiyə və Azərbaycanın ümidinə. Lakin belə bir ehtimal reallaşarsa, o torpaqlara varis olaraq ən çox azərbaycanlıların haqqı çatacaq. Bu zaman həmvətənlərimizin köçünü təmin etmək və 30-40 il əvvəlki yaşayışlarını bərpa etmək mümkün ola bilər”.

Törə Zeynallı
Demokrat.az     
    
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top