Evdə doğuşun riskləri: “Qadın dəqiqələr içində həyatını itirə bilər”

SOSİAL 25 okt 2023, 17:14
Azərbaycanda evdə doğuş halları artıb.

Demokrat.az
xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O qeyd edib ki, bu məsələlər gizlədilir və aidiyyəti qurumlara məlumat verilmir: "Bu sahədə cəzanın olmaması bizi narahat edir".

Ginekoloq Rəşad Sultan Demokrat.az-a açıqlamasında evdə doğuşun riskləri barədə məlumat verib:



“Doğuş təbii haldır. Heyvanlarda olduğu kimi insan da kimsənin yardımı olmadan doğuş edə bilər. Bu, 80-85 faiz hallarda belədirsə, digər vəziyyətlərdə doğuşa xüsusi yardım lazım olur. Məhz doğuşun riskli olduğu hallarda keysəriyyə əməliyyatı edilir. Bəzən doğuşun riskli olacağını öncədən bilirik, keysəriyyə planlayırıq. Bəzən də əksinə, doğuşun gedişində problem yaranır, bu zaman keysəriyyə və ya başqa üsullarla müdaxilə edilir”. 

Ginekoloq deyib ki, normal keçən doğuşdan sonra da problemlər yarana bilir: 

“Ən qorxulusu da budur, doğuşdan sonra qanaxma, yumşaq toxumaların cırılması və digər hallar. Bu kimi risklər doğuşun tibb müəssisəsində həyata keçirilməsini zəruri edir. Döl üçün təhlükə yarana bilər, doğuş prosesində dərman lazım ola bilər. 

Kimsə düşünürsə ki, evdə doğaram, daha sonra problem yaranarsa, həkimə müraciət edərəm, yanlış düşünür. Doğuş o qədər dinamik prosesdir ki, baş verən ağırlaşmalar çox sürətli olur. Bir dəqiqədə uşaqlıqdan bir litr qan keçir. Əgər qanaxma baş verərsə, qadın dəqiqələr içində həyatını itirə bilər. Bu, anında müdaxilənin nə qədər vacib olduğunu anlamağa bəs edir. 

Ölkədə hər addımbaşı tibb müəssisəsi, dövlət xəstənalarında icbari tibbi sığorta ilə ödənişsiz doğum imkanı varkən evdə doğum üçün hər hansı bəhanə qəbul edilməzdir. Bu sadəcə qadının və dünyaya gələcək körpəsinin sağlamlığına qarşı etinadsızlıqdır. Ucuz qəhrəmanlıqdan başqa bir şey deyil”.  


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top