"İlham Əliyevin hakimiyyətə gəldiyi gün böyük və müqəddəs yola çıxışın başlanğıcı günüdür!"

GÜNDƏM 15 okt 2023, 18:30
Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi şanlı ordumuzun, silahlı qüvvələrimizin fədakarlığı, cəsarəti və Ali Baş Komandanın mükəmməl sərkərdəliyi nəticəsində tamlıqla təmin edildi. Bu gün müstəqil və qüdrətli Azərbaycanımızın o, müqəddəs üç rəngli bayrağı artıq Xankəndidə dalğalanır… 

Xüsusi incəlik və həssas hazırlanmış 44 günlük şanlı vətən savaşı, bu savaşda əldə edilmiş qələbə, eyni zamanda qalib ölkənin siyasi üstünlükləri - bunun ardından separatçıların törətdiyi cinayətlərə qarşı 22-23 saat davam etmiş uğurlu  lokal xarakterli antiterror tədbirləri, bütün bu böyük hərbi-siyasi uğurların ardı olaraq da xalqımızın qanına əli batmış terrorbaşları olan Arkadi Quqasyanın, Arayik Harutunyanın və onları maliyyələşdirən Vardanyanın həbs edilərək Azərbaycan hüquq mühafizə orqanlarının nəzarəti altında məsuliyyətə cəlb edilməsi heç şübhəsiz ki, xüsusi hərbi və siyasi bacarıq tələb edən olduqca böyük və mühüm strategiyanın nəticəsidir… 

Heç şübhəsiz ki, bu böyük (bölgədə gedən geopolitik savaşda böyük dövlətləri, böyük gücləri neytrallaşdırmağı bacarmaq, hərb meydanında hərbi qələbəni təmin etmək) strategiyasının bünövrəsi 15 oktyabr 2003-cü ildə qoyulmuş oldu… Bəli məhz 15 oktyabr 2003-cü ildə - İlham Əliyevin hakimiyyətə gəldiyi gün böyük və müqəddəs yola çıxışın başlanğıcı günüdür! Hansı ki, məhz bu yolun 20 illik yubileyi günü - uca tutmaq uğrunda canlar vermiş, igid oğul və qızlarımızın həyatları hesabına hər zaman zirvələrdə dayanmış müqəddəs üç rəngli bayrağımızı Ali Baş Komandan İlham Əliyev Xankəndidə ucaltdı… 

Azərbaycanımız adına fəxarətli və qürurlu və iftixarlı tarix yaşayırıq. Hansı ki, uzun əsrlərdən sonra vətənimiz itirilmiş torpaqlarını ilk dəfədir ki, geri qaytarmış oldu. Bu böyük şərəfli yolda açıq demək lazımdır ki, İlham Əliyev Prezident və Ali Baş Komandan olaraq çox böyük risklərə getdi. Çoxüzlü dünya ilə tək savaşdı. Beynəlxalq ictimaiyyətə Azərbaycanın haqq səsini həm hərb, həm də siyasi meydanda savaş apararaq qəbullandıra bildi. O tək Ermənistanla, hər hansısa bir separatçı terrorçu dəstə ilə savaşmadı - o, həm də beynəlxalq yırtıcı güclərlə savaşdı! Prezident Əliyevin təbirincə desək, o nəyi nə zaman və necə etməyi çox gözəl bilir… Nəticə bu gün göz önündədir! 

Hesab edirəm ki, müxalifət olmaq iqtidarın uğurlarını qaralamaqdan, iqtidarın doğru və böyük nəticələr əldə etmiş əməllərini kiçiltməkdən ibarət olmamalıdır. Müxalifət cəmiyyətin aynası olmağı bacarmalı, düzə-düz, əyriyə-əyri deməlidir. Eyni zamanda müxalifət iqtidar olmaq üçün iqtidarını və onun başında duranlarını kiçiltməklə özünü böyük göstərməyə də çalışmamalıdır. Dərk etmək lazımdır ki, yalnız və yalnız güclü və böyük iqtidarların güclü və böyük müxalifəti olur. Əks halda iqtidar “kiçikdirsə” demək ki, bir o qədər də müxalifət “cılızdır”… 

Hesab edirəm ki, Azərbaycan Respublikası Milli Məclisi toplanmalı, Şah İsmayıl Xətaidən sonra Azərbaycanın itirilmiş torpaqlarını xüsusi məharət və bacarıqla işğaldan azad etmiş, bütün cəbhələrdə məharətlə və layiqincə savaş aparmış və eyni zamanda Azərbaycan Respublikasının suverenliyini bərpa etmək yolunda fədakarlıq etmiş Prezident, Ali Baş Komandan İlham Aliyev cənablarına 1993-cü il dekabrın 6-da Milli Məclis tərəfindən təsdiq edilmiş və 30 ildir ki, sahibini gözləyən və bu günədək heç kimə verilməmiş “Şah İsmayıl” ordeninin verilməsi haqqında qərar qəbul etməli və sahibini gözləyən bu ali mükafatı sözün həqiqi mənasında haqq etmiş, layiq olmuş şəxsə təqdim etməlidir.

Əminəm ki, Prezident Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi, hərbi və siyasi xidmətləri daha böyük dəyərə malikdir. Və heç şübhəsiz ki, müstəqil tarixçilər tərəfindən də tarixə bu xidmətlər qızıl hərflərlə yazılacaqdır… 

Uğur olsun!
 
Ağasif Şakiroğlu
Gələcək Azərbaycan Partiyasının sədri 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top