"İndiki durumda Azərbaycana heç kim sanksiya tətbiq edə bilməz" — İlham İsmayılov

GÜNDƏM 10 okt 2023, 12:43
Ötən həftə İspaniyanın Qranada şəhərində Fransa, Almaniya, Ermənistan və Avropa İttifaqı liderlərinin görüşündə iştirak etməli olan Azərbaycan prezidenti haqlı əsaslar gətirməklə bu görüşdən  imtina etdi. 

Təbii ki, bu görüş ərəfəsində Fransanın tutduğu “anti-Azərbaycan” mövqeyi danışıqların müsbət nəticələnməsinə hesablana bilməzdi.  Ayrıca, Fransanın antitürk mövqeyi ilə yanaşı, rəsmi Paris və Berlinin Türkiyənin toplantıda iştirakına razılıq verməməsi də Azərbaycanın təklənməsinə hesablanmış bir addım idi. 

Lakin bu görüşdə Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə qəbul etsə də, görünən odur ki, hələ də proseslərə müdaxilə edib, Cənubi Qafqazdakı stabil durumdan rahatsız olanlar mövcuddur.

 Avropa Parlamentinin Azərbaycan əleyhinə qərarları, Aİ-ni ölkəmizə sanksiyalar tətbiq etməyə çağırışı, üstəlik dünyada süni şəkildə artırılmağa çalışılan anti-Azərbaycan təbliğatı bunu deməyə əsas verir.

Demokrat.az
xəbər verir ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib ki, Azərbaycanın öz ərazisi olan Qarabağda seperatçılara qarşı apardığı son antiterror əməliyyatından sonra bəzi Qərb dövlətlərindən bu cür addımların atılması gözlənilən idi:

“Əsas odur ki, biz ölkəmizdə olan bölücüləri, separatçıları öz ərazilərimizdən tam şəkildə təmizləmişik. İndən sonra kimlər nə qətnamə qəbul etsələr də, bunun heç bir hüquqi əsası olmayacaq. Biz uzun illər ərzində gördük ki, BMT kimi ali qurumun çıxardığı qətnamələrə ermənilər əməl etmədilər, onlara heç bir təsir göstərən də olmadı. Bu gün Azərbaycanı etnik təmizləmədə suçlamaq çox absurddur. Ermənilərin Qarabağdan gedişi bütün dünyanın gözü qarşısında baş verir. Əsl etnik təmizləməni isə ermənilər qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisindən azərbaycanlıları deportasiya edərək, həyata keçiriblər. İndiki durumda Azərbaycana heç kim sanksiya tətbiq edə bilməz, sadəcə tövsiyyə xarakterli sənədlərinin qəbulundan söhbət gedə bilər.     Bu gün ölkəmizi etnik təmizləmədə ittiham edən əsas qüvvələr erməni diasporunun təsiri altında olan ölkələrdir. Bu ölkələrin başında isə həmişə olduğu kimi Fransa gəlir. Bu son hadisələrdən sonra isə görürük ki, Fransa prezidenti də artıq təsir edə bilməyəcəyini yaxşı görür. Ayrı-ayrı ermənipərəst senatorların sanksiya çağırışları isə heç bir nəticə verməyəcək. Çünki onların imzaladıqları hər hansı sənəd sadəcə kağız parçası olaraq qalacaq.Hər hansı bir sanksiya əksinə Azərbaycan xalqını dəmir yumruq ətrafında daha da sıx birləşdirəcək”. 

İlham İsmayılov son günlər Fələstinin HƏMAS radikal hərəkatı və İsrail arasında baş verən qarşıdurmaya da münasibət bildirib:

“Bu gün diplomatik yolla danışıqların olduğu halda, silaha əl atmaq, problemi münaqişə yolu ilə həll etmək doğru yanaşma deyil. Problemi silah və güc yolu ilə həll etməyə çalışan ermənilərin aqibəti hər kəsə dərs olmalıdır. Bu gün dünyada Azərbaycanın dostları, strateji tərəfdaşları daha çoxdur, nəinki düşmənləri. Bunun əsas səbəblərindən biri odur ki, Azərbaycan uzun illər ərzində məhz münaqişədən qaçmağa çalışdı, danışıqlar və sülh yolu ilə problemin həllinə çalışdı. Məcbur qalıb müharibəyə qoşulanda belə bütün dünya dövlətləri anladı ki, uzun illər ərzində Azərbaycan erməni seperatçıları tərəfindən müharibəyə təhrik olunurdu. İsrail Azərbaycanın strateji tərəfdaşı, müttəfiqidir. Biz Qəzza bölgəsində müsəlmanların öldürülməsindən rahatsızıq, amma proseslərə ədalətli yanaşmalıyıq. Olaylara dini təssübkeşlik münasibətiylə deyil, hadisələrin nəticələrinə uyğun münasibət bildirməliyik. Qəzza bölgəsindəki son olaylar ən çox İranın işinə yarayırmış kimi bir görüntü var. Biz otuz illik Qarabağ problemində də İranın seperatçılara dəstəyini gördük. Ona görə Qəzza bölgəsindəki olaylara dini tərəfdən deyil, mütərəqqi baxışımız olmalıdır. Hesab edirəm ki, o bölgədə ilk öncə sülhün əldə olunmasına, atəşkəsə nail olunmalıdır. Bu məsələdə Azərbaycan da öz diplomatik kanallarından istifadə edə bilər və bu prosesdə öncül ölkələrdən biri ola bilər. Buna dövlətimizin həm nüfuzu, həm də hər iki tərəfə olan normal və isti münasibəti imkan verər”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top