İki yumurtaya görə o boyda nazirə ağız açım?..

SOSİAL 09 avq 2023, 15:50
Çoxdanıncı, bəlkə də uzaq doxsanıncı illər idi. İsmayıllıda yaşayan dostum məni öz kəndlərinə qonaq çağırmışdı. Üç gün qalıb "buzlu toyuq"dan, fabrik yumurtasından, zavod qatığından yeyib geri qayıtdım. İlbəil seyrələn meşə, qurumuş çay, kələ-kötür yollar olmasaydı, elə bilərdim ki, "Şamaxinka"da qonaq qalmışam...

Səfər təəssüratım kədərli idi. Əlimdən yazmaqdan və danışmaqdan başqa iş gəlmədiyi üçün yenə qələmə güc verdim. Üstündən 20 ildən çox vaxt keçdiyi üçün nədən və necə yazdığımı xatırlamağa çətinlik çəkirəm. Amma həmin yazıdan bir cümlə indiyə kimi ilişib yaddaşımda qalıb: "Həyətlərində yumurtadan kəsilmiş beş-altı fərsiz toyuq vardı".

Ötən il yenə ailəlikcə İsmayıllıya getmişdik. Bu dəfə qonaq deyildik, kirayə tutduğumuz evdə dincəlirdik. Məşhur Qalacıq kəndində müvəqqəti binə salmışdıq. Qatıq, süd, pendir, yumurta almaq üçün bələdçimiz vasitəsilə kəndə hay saldıq. İki gün keçdi, amma iki yumurta tapa bilmədik. Axırda yarızarafat-yarıciddi "O icra başçısı bizə iki yumurta göndərərmi?" adlı məqalə yazdım. Gündən üzü bozarmış daşlardan səs çıxdı, İsmayıllının icra başçısından səs çıxmadı. Hansı ki, yumurtanın pulunu artıqlaması ilə ödəyəcəyimi məqalədə ayrıca qeyd etmişdim.

Yenə kənddəyik. Yenə qatığa, südə, kənd yumurtasına həsrət qalmışıq. Qəbələnin 500-dən artıq evi olan bu kəndində pulumuzu verib yumurta almağa bir Allah bəndəsi tapmırıq. Dünən rayon mərkəzinə getmişdik. Məşhur "Bazarstore" marketlər şəbəkəsinin yerli filialında bircə ədəd də kənd yumurtası yox idi. Satıcı qız dedi ki, kəndlilər onlara yumurta gətirsə, məmnuniyyətlə, müştərilərə satarlar. Üstünə nə qədər qoyub satacaqları başqa yazının mövzusudur...

İndi nə edək? Bəlkə bu dəfə də məqalə yazıb Qəbələnin icra başçısından iki yumurta istəyək?

Dünən jurnalist dostlarımdan biri ailəlikcə qonağımız idi. Kənd məhsullarına həsrət qaldığımızı eşidəndə təklif etdi ki, Qəbələnin qeyri-rəsmi kuratoruna - fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edim. 

Əcəb işə düşmüşük. İki yumurtaya görə o boyda nazirə ağız açım?..


Seymur Verdizadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top