Azərbaycanın dünya birliyinə inteqrasiyası: görülən işlər, əldə olunan nəticələr

SİYASƏT 03 iyn 2023, 08:45
Azərbaycan dünyada tam müstəqil siyasət yürüdüb və siyasi dəst-xəttini, dövlətçilik simasını uğurla formalaşdırıb. Dövlətimizin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi prinsiplərin reallaşdırılması istiqamətlərində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq tam gerçəkləşdirilməsini təmin edib. 



Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında mükəmməl və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Bu, artıq heç kimin inkar edə bilməyəcəyi tarixi faktdır. Ölkəmiz artıq dünya birliyinin bütün sahələrində, xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşa çevrilib. Sözsüz ki, bu sadaladığımız faktların arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar və müstəqil xarici siyasət kursu dayanır. İndi Azərbaycanın iştirakı olmadan, nəinki regionda, hətta dünya miqyasında heç bir strateji layihənin reallaşması mümkün deyil. Çünki hazırda Azərbaycan dünya siyasətinin və iqtisadiyyatının əsas faktorlarından birinə də çevrilib. Sözsüz ki, bu sadaladığımız uğurlar, dünya birliyi ilə inteqrasiya istiqamətində görülən düzgün işlərin nəticəsində mümkün olmuşdur. Çünki bütün beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olan ölkəmiz, bunun üçün konkret addımlar atır, bərabərhüquqlu əlaqələrin qarşılıqlı maraqların təmin edilməsi istiqamətində, biri-birinin işinə qarışmamaq prinsipləri çərçivəsində davam etdirilməsi işinə öz töhfəsini verir. 
Bu gün dövlətimiz dünya birliyinə inteqrasiyanın, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə BMT, ATƏT, Aİ kimi nüfuzlu beynəlxalq təşkilatlar, habelə ABŞ, Rusiya, Almaniya, Türkiyə, İngiltərə və digər dövlətlərlə sıx əməkdaşlıq edir.



Məsələyə münasibət bildirən politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, son illər Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri genişlənib. O vurğulayıb ki, Azərbaycan müxtəlif beynəlxalq platformalarda əməkdaşlıq həyata keçirir:

“Təbii ki, onlardan biri də Qoşulmama Hərəkatıdır. Burada 120-dən artıq dövlət birləşir və Azərbaycan artıq ikinci müddətdir ki, bu təşkilata uğurla rəhbərlik edir. Bu təşkilata rəhbərlik etdiyi dövrdə, xüsusilə də pandemiya dönəmində 80-ə yaxın ölkəyə yardım həyata keçirilməsində yaxından iştirak edib. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına gətirib çıxaran amillərdəndir. Bundan başqa, Azərbaycan Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biridir. Bu təşkilatın qurucu üzvlərindən hesab olunur. Azərbaycan təşkilatın inkişaf etdirilməsi üçün müntəzəm konstruktiv təkliflərlə də çıxış edir. Hal-hazırda Azərbaycanın bu təşkilatda nüfuzu kifayət qədər yüksəkdir və yüksəlməkdə də davam edir. Bundan başqa, Azərbaycanın Avropa İttifaqı, Avropa Şurası, NATO ilə kifayət qədər ciddi əməkdaşlıq platformaları mövcuddur. Bu təşkilatlarla bizim münasibətlərimiz davam etməkdədir. Xüsusilə də, Avropa İttifaqı ilə son bir neçə ildə münasibətlər çox sürətlə inkişaf etməkdədir”. 



Politoloq əlavə edib ki, Azərbaycan Avropa İttifaqının enerji təminatında olduqca mühüm rol oynayır və etibarlı tərəfdaş sayılır:

“Bunu isə dəfələrlə Avropa İttifaqının rəsmiləri bildirib, o cümlədən ABŞ prezidentinin də son məktubunda öz əksini tapıb. Həmçinin, bir neçə gün öncə Kişineuda keçirilən Avropa Siyasi Birliyinin toplantısında da bu məsələlərlə bağlı Azərbaycanın rolu yüksək qiymətləndirilib və Azərbaycana təşəkkür edilib. Qeyd edək ki, NATO ilə bizim əməkdaşlığımız inkişaf etməkdədir və tərəflər arasında həm təcrübə mübadiləsi, həm də müştərək təlimlərin keçirilməsiylə bağlı anlaşmalar mövcuddur və bu əməkdaşlıq davam etməkdədir. Bütün bunların hamısı Azərbaycanın aktivinə yazılacaq müsbət faktlardır”.



Müsahibimiz diqqətə çatdırıb ki, Azərbaycan 44 günlük Vətən savaşından sonra Cənubi Qafqazda yeni reallıqlar yaradıb:

“Azərbaycanın bu qələbə nəticəsində beynəlxalq miqyasda nüfuzu daha ciddi şəkildə artıb. Azərbaycan qələbə çalandan sonra da bölgədə sülh və əməkdaşlıq mühitinin formalaşması üçün təkliflərlə çıxış edir və bu istiqamətdə konstruktiv addımlar atır. Bu da böyük dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Bu baxımdan Azərbaycanın son dövrlər xarici siyasətdə artan fəallığı və fəal əməkdaşlıq platformalarında iştirakı Azərbaycan üçün müsbət dividentlər gətirir. Təbii ki, bundan sonra da gətirəcək. Bu baxımdan Azərbaycanın bu istiqamətdəki fəaliyyətləri çox əhəmiyyətlidir”.



Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın dünya birliyinə inteqrasiyası, dünyəvi ölkələrlə əlaqəsi və əməkdaşlığı, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığı davamlı olaraq inkişaf etdirilir. Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan bir çox ölkələrlə sıx əməkdaşlıq edir:

“Bu gün davamlı olaraq cənab Prezident Orta Asiya və Avropa ölkələrinə səfərlər edir. Hesab edirəm ki, bu səfərlərin Avropa ölkələri ilə əlaqələrin inkişafına, daha da güclənməsinə mühüm töhfələri var. Bu gün cənab Prezidentin bu istiqamətdə həyata keçirdiyi siyasət Azərbaycanın imkanlarını, Azərbaycanın bu istiqamətdə töhfəsini daha da artırır. Azərbaycan davamlı olaraq qeyd etdiyimiz kimi inkişaf edərək, öz imkanlarını, gücünü daha da artırır və  Azərbaycana etimad ən yüksək səviyyədədir. Sirr deyil ki, bu gün  ölkəmizə dünya səviyyəsində xüsusi diqqət və qayğı var. Bu da Azərbaycanın qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün bütün işləri gördüyünü bir daha göstərir”.

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top