Bakıda keçmiş arvadını döyən kişiyə cəza verildi

KRİMİNAL 02 iyn 2023, 21:22
Bakının Xəzər rayonunda 1982-ci il təvəllüdlü Vüsal ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Aidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 21-də rayonun Binə qəsəbəsində baş verib. 

Vüsal Binə qəsəbəsində yerləşən nömrəsiz evdə keçmiş arvadı Aidə ilə aralarında baş vermiş mübahisə zamanı onu yumruqla qəsdən vuraraq xəsarətlər yetirib. 

Hadisəni törədən Vüsal barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aidə ilə 2004-cü ildə ailə qurub:

“Həmin evlilikdən bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağımız var. Fevralın 21-də, gecə saat 01.00-da evdə Aidə ilə aramızda mübahisə baş verdi. Mübahisəyə səbəb məınim övladlarımı görmək istəməyim, lakin Aidənin mənə övladlarımı göstərməməsi olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, mübahisə zamanı Aidəni yumruqla qəsdən vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib. O, törətdiyi əməlindən peşman olduğunu deyib. 

İş üzrə zərərçəkmiş Aidənin sözlərinə görə, əri Vüsal ilə yaşadıqları müddət ərzində  aralarında münaqişələr olub:

“Bu səbəbdən 2023-cü ildə Beyləqan rayon Məhkəməsinin qətnaməsi ilə boşandıq. Hazırda ayrı-ayrı ünvanlarda yaşayırıq. Fevralın 20-də,  saat 23.00-da Vüsal mobil telefonuma zəng edərək övladlarımızı görmək istəməsini bildirdi. Lakin buna etiraz etdim”.

Zərərçəkmiş qeyd edib ki, fevralın 21-də, saat 01.00-da Vüsal onun yaşadığı evə gəlib və onların arasında mübahisə baş verib:

“Mübahisəyə səbəb Vüsalın övladlarımızı görmək istəməsi, mənim isə ona övladlarımızı görməsinə etiraz etməyim olub. Mübahisə zamanı Vüsal məni yumruqla qəsdən vuraraq müxtəlif bədən xəsarətləri yetirdi”.

Zərərçəkmiş deyib ki, hazırda Vüsal ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıb. O, Vüsala qarşı şikayəti olmadığını bildirib. 

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Vüsal 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Vüsalın üzərinə Bakı şəhəri Xətai rayonunda yaşadığı ünvandan axşam saat 24.00-dan səhər saat 07.00-dək tərk etməmək,  elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Onun həmçinin kütləvi tədbirlərdə iştirak etməsi qadağan edilib. 

Hökmün icrasına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top