Deputat: “Qarabağdakı erməni silahlı qüvvələri tamamilə çıxarılmalıdır”

GÜNDƏM 02 iyn 2023, 16:16
"Moldovada keçirilən görüş bir çox mühüm məqamlarla yadda qaldı. Düşünürəm ki, bu görüşdə də Azərbaycan öz mövqeyini gücləndirə bildi. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan növbəti dəfə danışıqlar masasında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsipial və qətiyyətli siyasətini ortaya qoydu. Bizim bu gün nə istədiyimiz tam aydındır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
  
Deputat deyib ki, Qarabağa heç bir status verilə bilməz. 

"Qarabağdakı erməni silahlı qüvvələri tamamilə çıxarılmalıdır. Bu ərazidə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycana inteqrasiya olunmalıdır. Burada yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların hüquqlarının qorunmasını Azərbaycan həyata keçirəcək. 

Hesab edirəm ki, burada ən önəmli məsələlərdən biri kommunikasiyalarla bağlı məsələ idi. Yəni Azərbaycan növbəti dəfə öz mövqeyini ortaya qoydu. 

Düşünürəm ki, Zəngəzur dəhlizi açılmalıdır və azərbaycanlıların Naxçıvana gediş-gəlişi  təmin olunmalıdır. Dəmir yolu, avtomobil yolu məsələsi öz həllini tapmalıdır".

Millət vəkili qeyd edib ki, görüşdə Fransa prezidenti və Almaniyanın konsleri də iştirak edirdi və bu da Azərbaycan tərəfindən növbəti atılan bir addım idi:

"Ermənistan daima çalışırdı ki, bu proseslərdə Fransa iştirak etsin. Əlbəttə ki, Fransanın iştirakı heç bir ciddi təsir göstərməyib. Fransa prezidentinin açıqlamaları da heç bir rola və təsirə malik deyil. Azərbaycan bu görüşdə Fransa prezidentini Almaniyanın kanslerinin vasitəsilə prosesdən uzaqlaşdırdı, yəni onun minimum səviyyəyə endirməyə müvəffəq oldu. Hesab edirəm ki, bu baxımdan bu görüşlərin davam etdirilməsi önəmlidir".

C.Məmmədov əlavə edib ki, iyulun 21-də yenidən Brüssel görüşlərin keçirilməsi planlaşdırılır:

"Düşünürəm ki, biz yavaş-yavaş, mərhələli şəkildə öz məqsədlərimizə və hədəflərimizə doğru irəliləyirik. Azərbaycan təbii ki, bütün qarşısına qoyduğu hədəf və məqsədlərə ən qısa zamanda nail olmağı planlaşdırır".


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top