Söz və fikir azadlığı sivil cəmiyyətin atributudur — RƏYLƏR

MEDİA 13 may 2023, 22:55

Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması ümummilli lider Heydər Əliyevin səyi nəticəsində başa gəlib. Bu, danılmaz bir faktdır. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi. Heydər Əliyev hakimiyyətə gələndən sonra, ilk növbədə, bu istiqamətdə qanunvericilik bazasının formalaşdırılmasına çalışdı və ciddi addımlar atdı. Sirr deyil ki, fikir, söz və məlumat azadlığının, mətbuatın inkişafına dövlətin bilavasitə qayğısı və dəstəyi bu gün də davam etdirilir. Cəmiyyət bunu mətbuata göstərilən dövlət qayğısının ən müxtəlif təzahürlərində hiss edə bilir. Cənab Prezident İlham Əliyev çıxışlarında jurnalist əməyini yüksək qiymətləndirdiyini bildirib. Etiraf etmək lazmdır ki, fikir, söz və məlumat azadlığının, ölkədə mətbuatın üstün səviyyəsi, bu sahəyə göstərilən diqqət və qayğı, şəxsən cənab Prezidentin mətbuata həssas münasibəti xarici mətbuatın da diqqətindən yayınmır.



Məsələ ilə bağlı fikirlərini Demokrat.az-la bölüşən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov bildirib ki, Azərbaycanda fikir, söz və məlumat azadlığı cənab prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar, həmçinin ölkədə yaradılan ictimai etimad mühiti formada yüksək səviyyədə təmin olunur. O vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda ölüm hökmünün ləğv edilməsi, bundan əlavə bir sıra məhkəmə sahəsində həyata keçirilən islahatlar avtomatik olaraq bir çox sahələrin inkişafına təkan verdi:


“Təbii ki, bu sahələrdən biri də ölkədə fikir, söz və məlumat azadlığı sahəsidir. Məhz bu sahələrin inkişafı ulu öndər Heydər Əliyevin dövründən həyata keçirilən siyasi islahatlardır. Daha sonra cənab İlham Əliyev tərəfindən bu islahatların davam etdirilməsi fonunda baş verdi. Bu sahədə  baş verənlər, ümumiyyətlə cəmiyyətin yanaşması ilə bağlı olan bir məsələdir. Baxmayaraq ki, Azərbaycan qanunları söz, məlumat, fikir azadlıqlarını yüksək səviyyədə təmin edir. Amma vətəndaşlarımızın bir çoxunun bu məsələyə yanaşması bizi kifayət qədər düşündürən bir məsələdir. Özəlliklə, yeni “Media haqqında” qanunun qəbul edilməsi, xüsusilə jurnalistlərimizin bu sahədə üzləşə biləcəkləri təzyiqlərin qarşısını alır. Amma cəmiyyətimizdə kimliyindən, peşəsindən asılı olmayaraq sadə insanlarımız tənqidə dözümsüzlüyə, yaxud ucqar bir kənd yerində işləyən icra məmurunun onun haqqında mətbuatda gedən yazılara qarşı aqressivliyi ortada olan bir məsələdir. Təəssüflər olsun ki, cəmiyyətimizin bəzi kəsimlərində özünü tənqidə qarşı sivil, loyal mövqe olmadığına görə digərlərinin onu tənqid etməyini qəbul edə bilmir”. 


Ekspertin sözlərinə görə, Azərbaycan mediasının beynəlxalq mətbuata çıxış imkanlarının zəifliyi jurnalistlərimizin xarici dil bilgiləri ilə birbaşa bağlı olan bir məsələdir:

“Hesab edirəm ki, Azərbaycanda media nümayəndələrinin xarici dil zənginləşdirməsi, bir çox xarici dili öyrənməsi labüd olan məsələlərdən biridir. Jurnalistlərimizin xarici dillə bağlı savadları, bilikləri nə qədər çox olarsa, Azərbaycan mediasının xaricdə təmsil olunması, Azərbaycan media nümayəndələrinin xaricə çıxış imkanları o qədər daha geniş olar”.



T.İsmayılov diasporlarımızın media ilə birgə işləmək məsələsinə də toxunub:



“Diasporlarımızın media ilə işləməkdə maraqlı olmamasını ümumən deyə bilmərik. Çünki Azərbaycanın bütün diasporasının media ilə işləməkdə maraqlı olmamağı haqqında açıqlamaları doğru deyil. Bu haqda təsəvvürləri də yanlış hesab edirəm. Azərbaycanda kifayət qədər xarici təşkilatlar, aktiv olan konsulları və səfirlikləri var ki, onlar həm Azərbaycan mediasının, həm bizim yerli jurnalistlərimizin, həm də beynəlxalq medianın diqqətini çəkirlər. İnsanların suallarını cavablandırırlar. Hesab edirəm ki, özəlliklə 44 günlük müharibədə qazandığımız qələbədən sonra postmüharibə dövrü Azərbaycan reallıqlarının qlobal məkanda güclənməyi üçün diasporlarımız media sahəsi ilə işləməyə maraq göstərməlidir. Bütövlükdə onların bunun əksinə addım atacağı arqumenti də olmamalıdır”.


Media eksperti Azər Həsrət Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ifadə, media azadlığı, jurnalist sərbəstliyi üçün dövlət üzərinə düşən nə gərəkdirsə onu edir. Yəni, konstitusiyamız başda olmaqla, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər başda olmaqla, eyni zamanda müvafiq sahəyə aid qanunlar ortada olmaqla, lazım olan hər iş görülür:


“Ölkəmizdə elə bir şərait yaradılıb ki, insanlar azad media fəaliyyəti ilə məşğul ola bilsinlər, ifadə azadlığı maksimum səviyyədə təmin edilə bilsin. Bu məsələnin bir tərəfidir. Beynəlxalq mediaya çıxışımız niyə zəifdir, yaxud bu sahədə niyə yetərincə iş görə bilmirik sualına gəlincə, açığı deyim ki, şəxsən mən uzun illərdir beynəlxalq qurumları ilə iş birliyi edən birisiyəm. Deyərdim ki, bunun üçün imkanlar da var. Şəxsən özüm bu imkanlardan istifadə edirəm, lakin yetərincə etmirəm. Yetərincə etməməyimin səbəbi də fiziki olaraq çatdıra bilməməyimdir. Yəni, elə məsələlər var ki, onları ölkə içində bizim kimi adamlar həll etməlidir. Eyni zamanda, beynəlxalq media məsələlərində də bizim potensialımızdan istifadə edilməlidir. Əlbəttə mən üzərimə düşəni etməyə çalışıram. Əslinə qalanda bu ötən illər ərzində olduqca çoxsaylı ölkələrdə yazılarım dərc olunub, müsahibələrim yayımlanıb. Bu, istər bizə yaxın qardaş ölkələr olsun, istərsə də, uzaq ölkələr olsun. Biz bunu etmişik və etməkdə də davam edirik, amma yetərli deyil”.



A.Həsrət əlavə edib ki, diasporamız bu məsələlərlə yetərincə məşğul ola bilmir:



“Bu məsələ ilə bağlı həyəcan təbilini şəxsən mən illərdir çalıram. Yəni, diaspor fəallarımıza həmişə belə bir təklifim, tövsiyyəm, istəyim olub ki, onlar yaşadıqları ölkədə media ilə iş birliyi içində olsunlar. Lakin bununla bağlı  örnəklərimiz azdır. Müqayisə üçün tutaq ki, Ermənistanın diasporasını götürsək, dünyanın ən aparıcı media qurumlarında onların təmsilçilərini biz görürük. İstər rəhbər vəzifələrində, istər adi müxbir vəzifələrində onların media da olması da, anti-Azərbaycan təbliğatlarının aparılmasında öz sözünü deyir. Amma biz nə edirik? Biz hətta uzağı demirəm. Yaxındakı Moskvada belə bu işi düzüb qoşa bilməmişik. Düzdür,  ayrı-ayrı örnəklərimiz var, amma yetərli deyil. Məsələn, ermənilərin Moskvadakı milyonerləri böyük pullar xərcləyib, televiziya kanallarını, qəzetlərini satın alanda bizim milyonerlərimiz böyük pullar xərcləyib hansısa yarıçılpaq müğənnini gətirib ona konsert verdirirlər.  Bu, həyəcən təbilini çalmışam və illərdir ki, deyirəm. Yəni, problem özümüzdədir. Biz xoşlayırıq ki, şikayətlənək ki, meydan vermirlər. Bizə meydan verirlər. Biz özümüz etmirik. Yəni, Azərbaycan tərəfi olaraq istər ölkə içində olan insanlarımız, istər ölkə xaricində olan insanlarımız media məsələləri ilə ciddi şəkildə məşğul olmur. Şəxsən özüm onu görmüşəm, indiyə qədər özümüm də əlaqələrim qalır. Adamlarla xarici media da ünsiyyətdəyəm, onun nəticəsini də görmüşəm”. 



“Çox kritik vəziyyətlərdə, hətta “The Guardian” kimi qəzeti biz 2015-ci ildə Avropa oyunlarında susdurmuşuq. Şəxsən mən bunu etmişəm. Çünki şəxsi əlaqələrim və onlara təsir edəcək yöntəmləri bildiyimə görə, bunu edə bildim . O baxımdan düşünürəm ki, başqalarını ittiham etməkdənsə, biraz özümüzə baxaq. Diqqət edək ki, biz nəyi düz etmirik. Əlbəttə, ondan başlayaq ki, lap yaxın xaricdəki milyarderlərimiz pullarından biraz da olsa mediaya xərcləsinlər. Bizim öz aramızdan jurnalist yetişdirsənlər. Medianın bu və ya digər şəkildə hüquqi və qanuni yollarla təsir altına alsınlar. Mən demirəm ki, qeyri-leqal yollarla. Yavaş-yavaş etsinlər. Niyə bunu ermənilər bacarır, biz bacarmırıq? Dediyim kimi, bunun üçün lazımi işlər görülməlidir”- deyə media eksperti fikirlərini yekunlaşdırıb.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Aynurə Pənahqızı
Demokrat.az 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top