Azərbaycanda vətəndaşlar niyə evlərinin sığortalanmasına maraq göstərmir? — Ekspert səbəblərini AÇIQLADI

SOSİAL 11 may 2023, 09:22
Yaxın gələcəkdə daşınmaz əmlakın sığortalanması üçün elektron sistem işə düşəcək. Bu yeni sistem əmlakın sığortalanması prosesini sadələşdirəcək. Həmçinin, hər hansı əmlakların sığortalanıb-sığortalanması bu sistem vasitəsilə müəyyən ediləcək. 

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda çox məhdud sayda  vətəndaşlar öz fərdi yaşayış evlərini sığortalayırlar. 

Ekspertin sözlərinə görə, bunun da bir neçə səbəbi var: 

“Demək olar ki, evlərin sığortalanması çox az halda könüllü xarakter daşıyır. Vətəndaşlar əsasən icbari qaydada, yaxud da mənzilin satışı zamanı mənzillərini sığortalayırlar. Yəni, 50 manat ödəməklə daşınmaz əmlakın icbari sığortasını həyata keçirirlər. Bu da bir illik olur, bir ildən sonra vətəndaşlar bu sığortanı yenidən etmirlər. 

Doğrudur, qanunvericilikdə icbari xarakter daşısa da, bununla bağlı hər hansı cəza mexanizmi yoxdur. Vətəndaşlar da demək olar ki, könüllü şəkildə evini sığortalamaqdan boyun qaçırırlar”. 



Ekpert bildirib ki, əmlakların sığortalanmasının faydaları çox böyükdür:

“Vətəndaşlar bilməlidirlər ki, evlərdə hər hansı baş verən zərər nəticəsində sığorta onu qarşılayacaq. Sadəcə olaraq, vətəndaşlarda sığortaya inam tam formalaşmadığı üçün buna bir qədər etinadsız yanaşılır. Vətəndaşları buna təşviq etmək üçün sığorta şirkətləri də bir çox işlər aparmalıdırlar, inam yaratmalıdırlar. Vətəndaş əmin olmalıdır ki, doğurdan da, onun evinə hər hansı bir zərər dəydikdə, o ödəniləcək. Bundan sonra demək olar ki, vətəndaşlar könüllü şəkildə o sığortaya maraq göstərər. 

Təəssüf ki, fərdi yaşayış evlərini bəzi vətəndaşlar özləri könüllü sığortalamaq istəsələr də, bir çox hallarda sığorta şirkətləri təhlükəsizlik qaydalarına riayət olunmadan tikilən fərdi yaşayış evlərinin sığortalanmasından imtina edirlər. 

Ümumiyyətlə, çıxarışı olmayan bütün növ daşınmaz əmlakın sığortası həyata keçirilmir. Bu da həm fərdi yaşayış evlərinin, həm də mənzillərin sığortalanmasını minimuma endirir”. 

Ramil Qasımzadə deyib ki, sığortası olmayan evlərin cərimələnməsi ilə bağlı qanunvericilik olsa da, icbari sığorta olunmayanlar cərimələnmir:

“Fiziki şəxslərə buna görə 30 manat cərimələnməlidir. Amma faktiki olaraq bunun cərimə mexanizmi hələlik ki yoxdur. Kommersiya obyektlərində var, bunu isə Fövqəladə Hallar Nazirliyi icra edir. Amma fərdi yaşayış evləri və mənzillərlə bağlı bu qanunvericilikdə təsbit olunsa da, hələki bu prosedur yoxdur. Amma elektron sistemə keçəndən sonra faktiki olaraq icra oluna bilər. Hələlik müvafiq icra hakimiyyəti orqanı, hansı quruma nəzarətə veriləcəksə, bundan sonra  avtomatik rejimdə bunu icra etmək, buna  baxmaq daha rahat olacaq. Avtomobillərdə necə ki, heç bir yol polisi əməkdaşı bunu icra etmir və birbaşa radarlar vasitəsilə müəyyən edirlər. Bunu da avtomatik elektronlaşdırandan sonra elektron qaydada müvafiq bildiriş mənzilə göndəriləcək. Bu sistemin tam elektron variantının yekunlaşması bu ayın axırına gözlənilir. 

Hesab edirəm ki, bu ilin ikinci yarısında bu sistem işə düşəcək”.


Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top