İlahiyyatçı: "Hacı Şahinin xatirəsini əziz tutmaq istəyənlər qoy gedib, orada ibadət etsinlər"

GÜNDƏM 04 may 2023, 15:13
"Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təyinatlarını dəstəkləyirəm. Çünki onlar bu təyinatları özbaşına etmir. Araşdırılır, yoxlanılır, məsləhətləşilir. Hətta Qafqaz Müsəlmanları İdarəsinin də rəyi öyrənilir. Əli Şərbətovla Bakı İslam Universitetində müəllim həmkarı olmuşuq. Ziyalı, mədəni ilahiyyatçıdır. İmamlıq təcrübəsi də kifayət qədər var. Ən əsası milli düşünən adamdır. O məsciddə əvvəllər toplaşmış adamlar isə sanki diqtə edirlər ki, bizim dediyimiz, bizim arzumuza uyğun adam axund olmalıdır, əks halda biz bu məsciddə olmayacağıq. Bu, düzgün yanaşma deyil. Əvvəla insanlar məscidə imama, axunda görə getmir, Allaha xatir, ibadət üçün gedir. Allah da hər zaman vardır. Ona görə kimin imam, kimin axund olması önəmli deyil. Şəxsiyyətə pərəstiş və bir şəxsin üstündə fokslanıb dini yaşamaq olmaz. İnsanlar şəxslərə, axundlara yox, Allaha, Dövlətə bağlanmalıdırlar. İndi nə baş verib ki? Məscid yerində, icma yerində, Allah da hər zaman mövcuddur. Bircə imam dəyişib, o da əvvəlki imam vəfat etdiyinə görə".

Bu fikirləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. 

O, deputat Ceyhun Məmmədovun fikirlərinə də münasibət bildirib: 

"Hörmətli Ceyhun müəllim təcrübəli insandır. Əvvəllər Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində çalışıb. Özü də çox savadlı din alimidir. Onun dediyini də qəribliyə salmaq istəmirəm. Ancaq bir həssas məqamı xatırlatmaq istəyirəm ki, əgər o məscidə ölkədə ən populyar olan din xadimini də təyin etsəydilər, bəhanə gətirənlər ona da bir qulp qoyacaqdılar. Çünki onlar istəyir öz istəklərini diqtə etsinlər. Oradakı camaatın dağılması və bunun da nəticəsində onlara nəzarətin çətinləşməsinə gəldikcə isə onu deyə bilərəm ki, dağılan adamlar da başqa məscidlərə bölünəcəklər, yaxud da elə həmin məsciddə qalacaqlar. 

Rəsmi icma üzvü olmayan adamların diqtəsi ilə imam təyin etmək də Dövlət Komitəsinin nüfuzuna və fəaliyyətinə xələl gətirər. Sonra bu nümunə əsasında başqa məscidlərə də təyinat olanda bir qrup adam yığılıb Komitənin təyin etdiyi imamdan imtina edib öz istədiklərini diqtə edə bilər.

Bir neçə il əvvəl "Əbu Bəkr" adlanan məscid  bağlananda da deyilirdi ki, ora toplaşan sələfi yönlü inanclılar dağılacaq və nəzarət zəifləyəcək. Məncə bu baş vermədi. Əsasən Qaraçuxur, İlahiyyat məscidinə toplaşdılar və bu gün də "Əbu Bəkr" adı ilə tanınan məscid yenidən təmir olundu və açılışı oldu. 
Hesab edirəm ki, "Məşədi Dadaş" məscidində də yeni imamın öz icması formalaşacaq. Mərhum Hacı Şahinin tələbələrinin təhsil və digər yöndən təyinat verən idarənin tələblərinə cavab verib-vermədiyini bilmədiyim üçün bir söz deyə bilmərəm. Ancaq hesab edirəm ki, oranın əvvəlki camaatı yenə də o məscidə getməli, ibadətlərini davam etməlidirlər. 

Mərhum Hacı Şahinin xatirəsini əziz tutmaq istəyənlər qoy gedib, orada ibadət etsinlər, onun da ruhu şad olsun. Həzrət Məhəmməd peyğəmbərin salavatullah vəfat edəndə bir çox icma üzvü bədbinliyə qapıldı və az qaldı İslamdan üz döndərsinlər. Peyğəmbərin qayınatası "Əbu Bəkr" həzrətləri çıxış edərək bildirdi ki, kim Həzrət Məhəmmədə pərəstiş edirdisə, bilsin ki, o artıq vəfat edib. 

Yox, kim Allaha pərəstiş edirdisə, bilsin ki, Allah ölə bilməz və əbədidir. Bu zaman insanlar sakitləşdi. Yəni, şəxsiyyətə pərəstiş yox, Allaha pərəstiş edilməlidir. 

Mövlana Cəlaləddin Rumi deyirdi ki, elə varlığa bağlanın ki, onun varlığı əbədi olsun, fani olsa o aradan gedəndə sizin inamınız da aradan gedəcək. 

Axundlar, imamlar, ruhanilər Allaha gedən yolda bir vasitəçi ola bilərlər, yol göstərən ola bilərlər. Əsas olan Allaha ibadətdir, imandır, dövlətə, Vətənə sədaqətdir. Əməlinlə insanların nəzdində sevilməkdir. Kim məscidə ibadət üçün, Allah üçün gedirsə imamın kim olmasından asılı olmayaraq yenə gedəcək, başını aşağı salıb itaətinə davam edəcək. Yox, kimsə dini İran üslubunda anlayıb siyasiləşdirəcəksə ki, bura mütləq İranın qəbul etdiyi, İran müctəhidlərinə təqlid edən adam imamlıq etməlidir ki, bu da yolverilməzdir. Azərbaycan dünyəvi dövlətdir və heç kəs kənardan dövlətə öz şəxsi maraqlarını diqtə edə bilməz".


Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top