Toyda sərxoş olan kişi qaynına xəsarət yetirdi

KRİMİNAL 26 apr 2023, 13:50
Astara rayonunda 1987-ci il təvəllüdlü Şamo şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qaynı İsmayıla (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Şamo 5 fevral 2023-cü ildə, saat 19 radələrində yaşadıqları Astara rayonun kəndində ara yolda qaynı İsmayıl ilə aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun üz nahiyəsinə yumruqla bir dəfə vurub. 

İstintaq orqanı tərəfindən Şamonun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şamo ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O deyib ki, ailəlidir, himayəsində iki azyaşlı uşağı var: 

“Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəmi dolanışığını təmin edirəm. İsmayıl mənim qaynımdır. Münasibətlərimiz həmişə yaxşı olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 5-də, saat 19 radələrində qaynı Şamo və Vüsal ilə birlikdə toya gedib: 

“Toyda yemək yedik və bir qədər spirtli içki qəbul etdik. Toyda iştirak etdikdən sonra qaynımla birlikdə yaşadığımız evə qayıtdıq. Yolda olarkən İsmayılla aramızda həyətlərinə gedən yolla bağlı mübahisəmiz yarandı. Mübahisə zamanı hirslənərək qəflətən qaynımın üz nahiyəsinə yumruq zərbəsi vurdum”. 

Bu cinayət işinə Astara rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Şamonun barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top