Xalq şairi: "Əjdər Olun əfvi ilə bağlı cənab Prezidentimizə ümidlər böyükdür"

ƏDƏBİYYAT 20 apr 2023, 14:24
Bu ilin may ayında mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Əfv Sərəncamı olacağı gözlənilir. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası da hazırlıq prosesinə başlayıb. 

Xalq şairi, akademik Nəriman Həsənzadə Demokrat.az-a açıqlamasında bildirib ki, bu ilki Əfv Sərəncamından gözləntiləri böyükdür: 

"Çox istərdim ki, mərhum Prezident Heydər Əlyevin anadan olmasının 100 illiyi ilə bağlı Əfv Sərəncamına dəyərli dostumuz, şairimiz Əjdər Cəbiyevin də adı düşsün. 

Əlbəttə, kim istəməz ki, dustaq azadlığa buraxılmasın? Elə insan varmı ki? Hamı dustağın azad olunmasını istəyir. 

Cənab Prezidentimiz hümanist, rəhmdil insandır. Ona görə də hər il nə qədər insanın əfvi ilə bağlı Sərəncam verir. 

Əjdər Olun yaradıcılığı isə hər kəsə məlumdur. Əjdər Ol Azərbaycanın tanınmış şairidir, yaradıcı insandır, illərdir ədəbiyyatımıza xidmət edir, 50-dən çox kitabın müəllifidir, Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətində mühüm xidmətləri olub. Ona görə də Əjdər Olun əfv olunması ilə bağlı cənab Prezidentimizə ümidlər böyükdür!".

Xatırladaq ki, Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib. 

O, məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.


Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top