Minsk-2019: Orucovdan gümüş, Heydərovdan bürünc medal

İDMAN 23 iyun 2019, 18:42

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdo yarışları davam edir.

 

Bu gün kişilərin yarışında Azərbaycan təmsilçilərindən Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) mübarizəyə qoşulub.

 

Oyunlarda Azərbaycan yığmasının bayraqdarı olan Orucov yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşündə monakolu Sedrik Bessini məğlub edən cüdoçumuz rəqibini 57 saniyəyə ippona salıb. Onun növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış italiyalı Fabio Bazile olub. Titullu rəqibinə də qalib gələn cüdoçumuz 1/4 finala yüksəlib. Rüstəm bu mərhələdə erməni idmançı Ferdinand Karapetyanla qarşılaşıb. Rəqibinə vaza-ari xalı ilə qalib gələn idmançımız adını yarımfinala yazdırıb. Onun final yolunda son rəqibi yunanıstanlı Georgios Azoidis olub. Orucov bu rəqibini də ipponla yenib və finala çıxıb. Finalda təmsilçimizin rəqibi isveçli Tommi Makias olub. Rəqibinə məğlub olan Rüstəm gümüş medalla kifayətlənib.

 

Eyni çəkidə yarışan Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı Mikloş Unqvarini vaza-ari xalı, 1/8 finalda isə israilli Din Yaakov Gemeri ipponla məğlub edərək, növbəti mərhələyə yüksəlib. Onun 1/4 finaldakı rəqibi isə yunanıstanlı Georgios Azoidis olub. Rəqibinə ipponla uduzan Heydərov bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb. Rəqibini ipponla məğlub edən Hidayət "bürünc" medal uğurunda yarışmağa haqq qazanıb. Heydərovun sonuncu rəqibi gürcü cüdoçu Laşa Şavdatuaşvili olub. Rəqibini tatamiyə çıxmağa peşman edən Hidayət bir dəqiqə tamam olmamış ipponla qələbə qazanıb və "bürünc"ə sahib çıxıb.

 

Qadınların yarışında isə  Nuriyyə Axundova (63 kq) 1/16 finalda rumıniyalı Stefania Adelina Dobreyə  uduzaraq, mübarizəni dayandırıb.

 

Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 cüdoçusu medalsız qalıb. (Matc.az)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top