İranın terror üzü: molla rejimi Fazil Mustafaya hücumu niyə təşkil edib?

TƏHLİL 31 mar 2023, 09:10
Vaxtilə akademik Ziya Bünyadovu qətlə yetirdilər, daha sonra yazıçı Rafiq Tağını. Bu sui-qəsdlər hədəf seçilən şəxslərin fikirlərinə görə idi və İran tərəfindən sifariş verildiyi artıq heç kəsə sirr deyil. Azərbaycan tarixində İran terrorunun qara səhifələri çox da uzaq keçmişdə qalmayıb, son iki ildə, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış reallığı qəbul etməyən İranın molla rejimi Azərbaycana qarşı terror hücumlarını yenidən intensivləşdirir.

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror hücumunda da bütün oxlar İranı işarə edir. Hücumun detallarını araşdırdıqda bu ehtimala şübhə yeri də qalmır.

Fazil Mustafaya hücumun şəxsi motivlər əsasında olmadığı hüquq-mühafizə orqanları tərəfindən də təsdiq olundu. 



O zaman sual yaranır: sifarişçi kimdir?

Deputat İrana qarşı sərt tənqidləri ilə yadda qalıb. Fazil Mustafanın İranın Azərbaycana din adı altında ixrac etməyə çalışdığı siyasəti tənqid etməsi molla rejimi tərəfindən həmişə süngü ilə qarşılanıb və bu fikirlərinə görə, onu təhqir və təhdid edirdilər. Məhz Fazil Mustafanın hədəf seçilməsi təsadüfi deyildi. Bununla Azərbaycan dövlətinə qarşı terror siyasəti davam edir, eyni zamanda, “İrana qarşı çıxanlar cəzalandırılır” görüntüsü yaradılır. 
Təsadüfi deyil ki, İran mediası hücumla bağlı xəbərlərində Fazil Mustafanı “şiə düşməni” kimi təqdim etdilər. İran rejimi deputatı hədəfə almaqla dini baxımdan onlara bağlı olanlara göstərir ki, “şiə düşmənlərini cəzalandırır”. Fazil Mustafanın özü də İrandan şübhələndiyini açıq şəkildə bildirib.

Bu hücumun nə vaxt edildiyi də çox şeydən xəbər verir və İranın terrorçu məqsədini bir daha ortaya çıxarır.

Hücumun baş verdiyi gün – 28 mart tarixi Azərbaycanın xüsusi xidmət orqanlarının peşə bayramı günüdür. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar şəkildə təmin etdiyi hər kəsə bəllidir. Son zamanlar isə DTX İran casuslarının ifşasını genişmiqyaslı şəkildə aparır. Bu, İranı narahat edən məqamlardandır, çünki casuslarının ifşa edilməsi molla rejiminin Azərbaycanda həyata keçirmək istədiyi planları alt-üst edir. İran məhz DTX-nın peşə bayramı günündə deputata terror hücumu ilə “əzələ nümayişi” sərgiləyir və “təhlükəsizliyimizi poza biləcəyi” mesajını verir. 

Bununla yanaşı, terror hücumunun baş verdiyi gündə ən aktual məsələ Azərbaycanın İsraildə səfirlik açması idi. Xarici işlər naziri Ceyhun Bayramov səfirliyimizin açılması mərasimində iştirak etmək məqsədilə İsrailə səfər etmişdi və səfirliyin açılmasından bir gün öncə bu terror aktı törədildi. 



Azərbaycan-İsrail münasibətlərindən ən çox narahatlıq keçirən ölkə İrandır. Molla rejiminin leksikonunda “sionistlər bölgədədir” iddiası heç vaxt əskik olmur. Aydın görünür ki, terror hücumu Azərbaycanın İsraildə səfirlik açmasına, bu ölkə ilə münasibətlərinin inkişafına qarşı atılmış addımdır və İran bununla rəsmi Bakını yolundan döndərmək, eyni zamanda, təhdid etmək niyyətini ortaya qoydu.

Bu iki amil Fazil Mustafaya qarşı terror hücumunun arxasında İranın dayandığı versiyasını daha da gücləndirir.

Əslində İranın terrora əl atması təəccüblü deyil. Çünki terror bu ölkənin dövlət siyasətinin tərkib hissəsidir və hər il məhz terror aktlarının törədilməsinə milyardlarla vəsait ayrılır. Bu gün Yaxın Şərq məhz İran terrorunun nəticəsində qana boyanıb. Lakin İran rejiminin terrorundan təkcə Yaxın Şərq ölkələri yox, Cənubi Qafqaz, hətta Avropa da əziyyət çəkir.



Terroru dövət siyasəti olaraq görən İranın Azərbaycana qarşı düşmənçiliyi yeni deyil. Müstəqilliyimizi bərpa edəndən sonra İran Ermənistanın işğalına hərtərəfli dəstək verdi və bütün vasitələrlə torpaqlarımızın azad olunmasına qarşı çıxdı. 

44 günlük Vətən müharibəsindən sonra isə İran Azərbaycana qarşı düşmən siyasətini açıq müstəviyə çıxarıb. Bu, düşmən siyasətin əsas istiqamətlərindən biri də məhz terrordur. Tehrandakı səfirliyimizə qarşı edilən terror hücumu bu prosesin başlanğıcı hesab oluna bilər. Teraktı təşkil edən İran rejimi terrorçunu məsuliyyətdən yayındırmaqla da öz mahiyyətini göstərdi və sübut etdi ki, bu ölkədə terrorçi cəzalandırılmır, əksinə mükafatlandırılır. Bunun bir izahı var. İran rejimi qan və terrordan bəslənir. Səfirliyimizə qarşı terror hücumundan sonra Azərbaycanda deputat Fazil Mustafaya qarşı sui-qəsdin təşkil edilməsi də bunu sübut edir. Artıq hər şey ortadadır. Fazil Mustafaya qarşı terror hücumunu İran təşkil edib və terrordan bəslənən Tehran rejimi Yaxın Şərqdə həyata keçirdiyi terror ssenarisini Cənubi Qafqazda da tətbiq etmək niyyətindədir.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top