Hərbi ekspert: Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq üçün tədbirlərini davam etdirəcək

GÜNDƏM 30 mar 2023, 18:29
Azərbaycan Ordusu mütəmadi olaraq ölkəmizin maraqlarını qorumaq üçün istər Ermənistanla sərhəddə, istərsə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə mövqelərini daim təkmilləşdirir, bu istiqamətdə müəyyən zəruri tədbirlər həyata keçirilir.

Bunu APA-ya açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib.

Şair Ramaldanovun sözlərinə görə, son zamanlar vəziyyətin getdikcə gərginləşməsi - istər Qarabağ iqtisadi rayonunda separatçıların fəaliyyəti, istər Ermənistanın hərbi-siyasi rəhbərliyinin mövqeyi, istər regionda stabilliyə qarşı çıxan digər qüvvələrin aktivliyi, həmçinin Ermənistanın sülh müqaviləsini imzalamaqdan boyun qaçırması, prosesi gecikdirməsi və vaxtı uzatması Azərbaycanı əlavə tədbirlər görməyə məcbur edib: “Son zamanlar ölkəmiz Laçın yolu vasitəsilə qeyri-humanitar yüklərin daşınmasının qarşısının alınması üçün dəfələrlə Rusiya sülhməramlılarına siqnallar versə də, təəssüflər olsun ki, bu məsələyə laqeyd yanaşıblar. Separatçılar qar örtüyü çəkildikcə, Laçın zolağına girən torpaq yolları işlək vəziyyətə gətirərək hərbi məqsədlər üçün istifadə etməyə başlamışdılar. Hətta bu səbəbdən qarşıdurma da yaranmışdı. Bir şəhid vermişik. Ordumuzun apardığı əməliyyat nəticəsində yüksəkliklər nəzarətə götürülüb və bu, bizə Laçından keçən bütün yollara nəzarət etmək imkanı verir. Rusiya sülhməramlı qüvvələrinin öz missiyasına, vəzifələrinə laqeyd yanaşaraq, bəzən pul və digər şeylər müqabilində erməni separatçıları ilə əlbir olub, onların yüklərini mühafizə edərək bu yollardan istifadəsinə şərait yaratdığına dair məlumatlar əldə olunurdu”.

Hərbi ekspert qeyd edib ki, digər tərəfdən, orada qanunsuz silahlı dəstələrin nümayəndələrinin sayının artırılması ilə bağlı məlumatlar var: “Əvvəl biz 5-6 min deyirdiksə, indi onların sayının hətta 8-10 minə çatdığı məlumdur. Bu da onu göstərir ki, Azərbaycan ərazisində qanunsuz silahlı dəstələrin sayının artırılması və silahlandırılması faktları ilə üz-üzə durmuşuq. Prezident İlham Əliyev aydın şəkildə mesajını verərək deyib ki, istər Ermənistanın hərbi-siyasi rəhbərliyi, istər onların havadarları, istər revanşist qüvvələr tərəfindən Azərbaycanın maraqlarına təhlükə yaradan addımlar atılarsa, Azərbaycan dərhal adekvat cavab tədbirləri görəcək. Bu gün Müdafiə Nazirliyi tərəfindən yayılan rəsmi məlumat onu göstərir ki, Azərbaycan Ordusu əməliyyat şəraitinə nəzarət edərək gələcəkdə ölkəmizə qarşı edilə biləcək hər hansısa bir təxribatın qarşısını almaq üçün bu kimi tədbirləri görməyə davam edəcək”.

Qeyd edək ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top