Şamaxıda nə baş verir? — Partiya sədrindən AÇIQLAMA

REGİON 28 mar 2023, 18:08
Ölkədə bir çox sahələrdə məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluq halları ilə qarşılaşmaq mümkündür. Doğrudur, dövlət tərəfindən bu kimi hallara qarşı ciddi mübarizə tədbirləri görülsə də, xüsusən yerlərdəki məmurların, icra başçılarının və icra aparatı strukturunda vəzifə tutan şəxslərin harınlığı çox ciddi problemlərin yaranmasına, əhalinin narazılıq səviyyəsinin artmasına səbəb olur. Özünü rəhbərlik etdiyi regionun “ağa”sı sayanlar və onların sayəsində “kreslo” tutaraq əhalini incidənlər haqda zaman-zaman redaksiyamıza müxtəlif formalı şikayətlər göndərilir. Vəzifəmiz şikayətləri obyektiv araşdırmaq və dərc etmək olduğundan bu işi sevə-sevə görsək də, bəzən şəxsimizə qarşı təhdidlərin səsləndirildiyini də müşahidə edirik. Məsələn, Şamaxı şəhərində sözün bütün mənalarında “at oynadan” Mərdan Nəhmətov və onun kimi harın məmurlar yerli əhalinin problemlərini araşdırdığımız üçün hətta baş redaktor səviyyəsində bizi və redaksiyamızı təhdid etməkdən çəkinmir. Yerlərdə icra nümayəndələrini, müavinləri, bələdiyyə başçılarını rüşvət müqabilində işə götürən, əhalinin problemlərini dinləmək əvəzinə qəbula yazılan insanları polisə şikayət edən, villa və obyektlərinin qarşısını bağlayaraq yerli sakinlərin hərəkətinə süni əngəl törədən Mərdan Nəhmətov indi də həqiqətləri çatdırmağa çalışdığımız üçün öz qoçu dəstələrini bizim (media nümayəndələrinin) üzərimizə salıb. Təbii ki, daim dövlətin yanında yer alan, dövlətçiliyi hər şeydən üstün tutan, xalq-iqtidar arasında körpü rolunu oynayan dördüncü hakimiyyətin nümayəndələrini Nəhmətov kimi harın və eyni zamanda cılız məmurlar heç nə ilə qorxuda bilməz. Və yəqin ki, bu barədə hüquq mühafizə orqanları lazımı tədbir görəcəklər. Ancaq hələlik belə məmurların dövlət və hökumət üçün hansı təhdidlər yaratdığı haqda danışmaq lazımdır.  

Sözügedən məsələ ilə bağlı Konkret.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, məmurların işi problemlərin həlli ilə məşğul olmaqdır: 

“Bütün dövlət aparatları, strukturlar sadə vətəndaşa xidmət göstərmək üçün bir vasitədir. Amma bir çox hallarda biz regionlarda məmurların özlərini “feodal”, “ağa” və “xan” kimi apardığını müşahidə edirik. Onlar şikayətləri ört-basdır etməklə məşğuldurlar. Yəni problemləri həll etmək əvəzinə özbaşınalıqlar haqda fikir bildirən insanları neytrallaşdırmağa, onlara təhdid və hədə-qorxu gəlməyə çalışırlar. Əsas odur ki, özlərinin davamlı olaraq vəzifədə qalmalarını təmin etsinlər və gəlir qazansınlar. Yerlərdəki problemləri isə heç veclərinə də almırlar. Çünki həmin rayonda 3-5 il vəzifədə işləyəcəklərini, daha sonra isə başqa rayonlara təyin olunacaqlarını düşünürlər. Bu hal demək olar ki, bütün regionlarımızda yaşanır”.



Partiya sədri əlavə edib ki, regionların təxminən 80 faizində insanların icra hakimiyyətlərinə inamı çox aşağıdır: 

“Bu, nəticədə ümumxalq etirazına gətirib çıxara bilər. Ona görə də, belə ciddi məsələləri nəzərə almaq lazımdır. Yerlərdə yığılan enerjinin qarşısı alınmasa, xaotik vəziyyət yaranacaq. Biz Quba və İsmayıllıda bu kimi halların baş verdiyini artıq görmüşük. Amma nə paytaxt Bakıda, nə də digər regionlarda bu cür xaotik hadisələrə şahidlik etmək istəmirik. Ona görə də, vəzifəyə düzgün insanlar təyin olunmalıdır. Şamaxıda baş verən hadisələrlə bağlı mərkəzi hakimiyyət öz nümayəndəsinin yox, xalqın və medianın yanında yer almalıdır. Çünki medianın və xalqın bu məsələlərdə heç bir digər marağı ola bilməz. İnsanlar təbii ki, öz şikayətlərini dövlətə bildirməlidir. Əgər dövlət məmuru vətəndaşın şikayətini dinləmək əvəzinə insanlarla təhdid dili ilə danışırsa, o zaman bu haqda ciddi tədbir görülməlidir. Belə icra başçılarının və vəzifəli şəxslərin iqtidar üçün əvəzedilməz və vazkeçilməz kadrlar olduğuna inanmıram. Bu cür kadrlar dərhal dəyişdirilməli, xalq və media ilə qarşıdurmaya gedilməməlidir”.

Tural Abbaslının sözlərinə görə, Şamaxıda baş verənlərlə bağlı sadalanan iddialar korrupsiya və cinayət faktlarıdır: 

“Korrupsiya ilə Mübarizə Baş İdarəsi, eləcə də Dövlət Təhlükəsizlik Xidməti bu məsələlərlə bağlı hərəkətə keçməlidir. İsmayıllı və Qubada baş verən hadisələrin Şamaxıda da təkrarlanmasını gözləmək olmaz. Medianın işi isə xalq və iqtidar arasında bir körpü rolunu oynamaqdır. Amma təəssüf ki, bizdə problemi həll etmək əvəzinə onu deyən dili kəsirlər. Belə lazımsız kadrlara görə xalqla iqtidar arasında uçurum yaratmağa dəyməz. Ona görə də,aidiyyatı qurumları mövcud problemləri tez bir zamanda həll etməyə çağırıram”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top